1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir Əlli ildən sonra, cari ilin 2 oktyabr tarixində 74-cü Beynəlxalq Astronavtika Konqresi yenidən Bakıda keçirildi. Prezident İlham Əliyev 100-dən artıq ölkəni təmsil edən, 5000-dən çox iştirakçı olan Konqresinin açılış mərasimində çıxış edib.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının 2019-cu ildə Vaşinqtonda keçirilən Baş Assambleyasında Bakı 2-ci dəfə kosmik sənayenin ən mötəbər tədbirinə ev sahibliyi etmək hüququ qazandı.
Belə bir yüksək səviyyəli tədbirin Bakıda keçirilməsi heç də təsadüfi deyil, çünki Azərbaycan 2018-ci ildə 3-cü peykini orbitə çıxarmaqla dünya kosmik klubunun üzvü statusunu təmin edib. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi, sosial və siyasi islahatlar sayəsində Azərbaycan XXI əsrdə böyük yol keçib. Ölkəmizdə texnoloji inkişafın təmin edilməsi istiqamətində bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsi ilə müşayiət olunan bu dövr həm də Azərbaycanda kosmik sənayenin formalaşması və inkişafı ilə əlamətdar olmuşdur. 2008-ci ildə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq respublikada müasir kosmik layihələrin həyata keçirilməsinə başlanılmışdır. 2010-cu il mayın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 27 aprel 2021-ci il tarixində “Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrildi.
Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Azərbaycan informasiya təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edən telekommunikasiya xidmətləri sahəsində xarici dövlətlərdən asılılığı tamamilə aradan qaldırıb. İki telekommunikasiya peyki və Yerin müşahidə peyki vasitəsilə, ilk növbədə, ölkənin daxili tələbatının ödənilməsi istiqamətində işlər aparılıb. Son illər ölkə daxilində peyk xidmətlərindən istifadə artıb-
2008-ci ildə Prezident İlham Əliyev “Azərbaycanda kosmik sənayenin yaradılması və süni telekommunikasiya peykinin orbitə çıxarılması” vəzifəsini qoydu. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.
Azərbaycan regionda yeganə ölkədir ki, ikinci dəfə qlobal kosmik foruma ev sahibliyi etmişdir. Bu hadisə bir vətəndaş kimi bizim hamımızı sevindirmişdir, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə çox böyük kömək göstərmişdir.
İlkin Zeynalov,
Lənkəran-Astara Regional Təhsil İdarəsi, Cəlilabad təhsil sektorunun müdiri