Şəkidə baş verən ağır yol qəzasında biri azyaşlı olmaqla iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Lent.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Nazim Umarhacı oğlu Umarov idarə etdiyi “Reno Loga” markalı 99-VG-782 dövlət nömrə nişanlı minik avtomobillə hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.
Qəza zamanı avtomobildə olan sərnişinlərdən – 1993-cü il təvəllüdlü Azər Əli oğlu Murtuzov və Şəki rayonu Suçma kənd sakini 2019-cu il təvəllüdlü Sədəf Dilqəm qızı Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Sürücü N. Unarov və daha iki sərnişin – qəza zamanı həyatını itirən azyaşlı Sədəfin atası, 1990-cı il təvəllüdlü Dilqəm Vəli oğlu Seyidəliyev və 2001-ci il təvəllüdlü Beyləqən rayon sakini Əşrəf Zöhrab oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər və yaralılar əraziyə cəlb eilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyəti üzrə həkim briqadasına təhvil verilib.
Meyitlər müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə göndərilib.
Yaralanan şəxslər isə müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
saat 18.40
Bu gün saat 18.00 radələrində Şəki giriş avtomobil yolunda hərəkətdə olan “Reno Loga” markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.