İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafın əyani göstəricisidir. Azərbaycan-İsrail münasibətlərinin mövcud səviyyəsi hər iki ölkənin timsalında mədəniyyətlərarası dialoqun və əməkdaşlığın nə qədər böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirir və müasir dünyada nümunə olacaq yeganə əməkdaşlıq modeli hesab oluna bilər. Prezident Ilham Əliyev əlaqələrdən danışarkən deyib ki,
Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq.
Azərbaycan hazırda öz iqtisadiyyatını daha da gücləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, minalardan təmizləmə işləri həyata keçirir. Bütün bunlar isə milyardlarla dollarlara başa gəlir. Azərbaycan hər şeyi heç bir kənar qüvvənin dəstəyi olmadan öz daxili imkanları hesabına edir. Iki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. İqtisadi göstəricilərimiz getdikcə genişlənir. Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Təsadüfi deyil ki, bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır.
Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir.
Başqa mühüm bir məsələyə də toxunmamaq olmaz. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Çünki orada Azərbaycandan köçən yəhudilər var. İsrail Azərbaycanla, eləcə də, iki xalq arasında əlaqələrə misal kimi Qarabağ savaşlarında yəhudi əsilli vətəndaşlarımızın qəhrəmancasına savaşmasını, şəhid olmalarını göstərə bilər. Bu iki xalqı bir-birinə yaxınlaşdıran ən böyük amillərdən biri də bu sayılır. Düşünürük ki, Əlaqələrimizin tarixində əlamətdar hadisə olan bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək.
Mübariz Tağıyev,
Cəlilabad rayon Hamarqışlaq kənd
tam orta məktəbin direktoru