Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur.
Qarabağda qazandığımız tarixi zəfərin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni imzalanması postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.
Bu istiqamətin davamı kimi, 2023-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı dərin marağa səbəb olmuş və tam anlaşma ilə qarşılanmışdır.
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Sabit əməkdaşlıq əlaqələri. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.
Dövlət başçımız əminliklə bildirib ki, əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Azərbaycan müstəqil, hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq kontekstində münasibətlər qurur. Ölkəmizin müttəfiqlik münasibətləri rəsmi Bakının öz maraqları üçün prioritet hesab etdiyi heç bir məsələdə prinsipial mövqe nümayiş etdirməsi yolunda əngəl deyil. Prezidentin çıxışında xarici siyasətimizin prioritet istiqamətlərində məhz bu amillər dəqiqliklə və aydınlıqla təsbit olunmuşdur. Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir. Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir.
Xanlar Mirzəyev,
Cəlilabad Rayon Suvarma Sistemləri İdarəsinin rəisi