Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası istər üzv dövlətlərin, istərsə də tədbirə qonaq qismində qatılan Azərbaycanın imkanlarının təqdimatında öz sözünü dedi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü diplomatiyamızın növbəti uğuru hesab etmək olar. Moskva görüşü eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdi. Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir. Bunlar Azərbaycanın tədbirə qatılmasını şərtləndirən əsas səbəblərdən biridir.
Dövlətimizin başçısı İlham Əliyev görüşdəki çıxışında bu məqama xüsusi diqqət yönəldib ki, ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Bu da müstəqil xarici siyasət kursunu aparmaq üçün mühüm amildir. Azərbaycanın xarici siyasət uğurları davamlıdır. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ona daim uğurlar qazandırır. Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətt üzrə inkişafı reallıqdır. Bunu qarşılıqlı səfərlər, hər bir ölkənin malik olduğu imkanlara söykənərək yeni prioritetlərin müəyyənləşdirilməsinə və əlaqələrin genişlənməsinə xidmət edən sənədlər də təsdiqləyir. Azərbaycan 4 ildir 120 dövləti öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkəmizin quruma sədrlik müddətinin bu il üçün uzadılması təbii ki, uğurlu siyasətimizin, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasının nəticəsidir.
Xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyev “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır” söyləyərək Nikol Paşinyana anlatdı ki, “dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Bu ifadələrlə cənab İlham Əliyev Paşinyana əsl diplomatiya dərsi keçdi.
Maarif İmanov,
Cəlilabad rayonu, sahibkar