Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışlarında göstərildiyi kimi, hazırda sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var.
Yaxşı bilirik ki, Azərbaycanın sülhdən danışdığı bir vaxtda Ermənistanın ölkəmiz əleyhinə təxribat-diversiya qrupu vasitəsilə hücumlar həyata keçirməsi, tez-tez şərti sərhədlərdə və cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə çalışması bu dövlətin növbəti dəfə terrorçu mahiyyətini ortaya qoymuş olur. Sadəcə onların nümayiş etdirdiyi bu ağılsız davranışlar, məkrli niyyətlərini həyata keçirmək üçün göstərdikləri son çabalamalar kimi də qiymətləndirilə bilər. Bu xain xislətlilərin sülhə mane olmaq üçün üzərlərinə götürdükləri öhdəlikləri hər vəchlə yubatmağa çalışmaları, dövlət sərhədlərimizi atəşə tutmaları, ərazilərimizə mina basdırmaları, bir sözlə, təxribatçı əməlləri buna misaldır.
Aydın görünür ki, Ermənistan revanşist əhval-ruhiyyədən əl çəkməyib. Dünya birliyinə, o cümlədən, erməni təxribatlarını görməzdən gələrək ona dəstək verməkdə davam edən qüvvələrə yaxşı məlumdur ki, ardıcıl olaraq sərhəddə silahlı toqquşmalar təşkil edən bədnam qonşularımızın əsas məqsədi aparılan sülh danışıqlarını pozmaq, sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməyə çalışmaqdır. Kişinyov görüşü öncəsi Zəngilanda həyata keçirilən diversiya hücumu mütləq şəkildə daha aydın dəyərləndirməlidir. Həm Qərb, həm də Rusiya Ermənistanı bu hərəkətlərinə görə ciddi şəkildə təzyiqlərə məruz qoymalıdır. Əks təqdirdə, Azərbaycan sülhdən danışdığı halda, Ermənistan yenə də təxribatlara davam edəcək.
Moskva görüşlərində Ermənistan rəhbəri N.Paşinyan yenə də müxtəlif bəhanələr gətirməyə çalışdı. Ancaq cənab İlham Əliyev onun iddialarına sərrast cavablar verdi. Dövlət başçımız göstərdi ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.
“Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.
Düşünürük ki, Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməsini nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var, onunmaddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.
İlkin Zeynalov,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin
Cəlilabad rayon təhsil sektorunun müdiri