“Sürücüm minaya düşdü, ona kömək etmək istəyəndə özüm də…”- Keçmiş hərbi hissə komandiri…

Adalet.az Vətən müharibəsi qazisi, keçmiş hərbi hissə komandiri, polkovnik-leytenant Kamil Düniyevlə müsahibəni təqdim edir. 

Düniyev Kamil Əlibala oğlu 1974-cü il mayın 24-də Cəlilabad rayon Əliabad kəndində anadan olub. İki qızı və bir oğlu var. 

– Kamil müəllim, sizin hərbçi həyatınız necə başladı?

– 1993-cü ildə hərbi xidmətə getmişəm və əsgər kimi birinci Qarabağ savaşında iştirak etmişəm. İki il altı ay xidmətdən sonra o zaman məni hərbi hissə komandirinin göstərişinə əsasən nümunəvi əsgər kimi Bakı Ali Birləşmiş Komandanlığı məktəbinə göndərdilər. 1995-ci ildə motoatıcı ixtisası üzrə ora qəbul oldum. 1999-cu ildə məktəbi bitirib zabit kimi Azərbaycan Ordusunda xidmətə başladım. Ondan sonra müxtəlif hərbi hissələrdə tağım, bölük komandiri vəzifələrində işləmişəm.

 

– Bəs Vətən müharibəsinə necə qatıldınız?

– Vətən müharibəsi zamanı N saylı hərbi hissənin qərargah rəisi vəzifəsini icra edən şəxs kimi işləyirdim. Müharibə zamanı hərbi hissə komandirinin vəzifələrini icra etdim, çünki komandir yaralanıb döyüş meydanından təxliyə edildi. Müharibə qurtarandan sonra isə hərbi hissə komandiri təyin edildim.

Vətən müharibəsi zamanı bizim tapşırığımız Murovdağ, Suqovuşan, Talış kəndi istiqamətində idi. Orda aktiv müdafiə və digər döyüş planlarının istiqamətləndirilməsi üzrə tapşırıqları həyata keçirirdik. Döyüş zamanı tabor komandiri kimi əlavə olaraq Suqovuşan istiqamətində müdafiə xəttini təşkil etdik. Digər bölmələrimiz isə Murovdağ, Gülüstan kəndinin və Barambat yüksəkliyinin müdafiəsi kimi tapşırıqları yerinə yetirirdi.

 

– Orda maraqlı, yadınızdan çıxmayan hansı döyüş səhnələrini xatırlayırsınız? 

– Ümumiyyətlə, Vətən müharibəsindən əvvəl hazırlıqların getməsi, şəxsiyyətin əhval-ruhiyyəsinin yüksək olması hərbçi olaraq gündəlik fəaliyyətlərimiz yadda qalan hissəsi olub. Ən yaddaqalan günlərdən biri Suqovuşanın azad olunması xəbər idi. Həmin gün biz təcili olaraq əməliyyat tapşırıqlarını almaq üçün qərargaha toplaşmışdıq. Vətən müharibəsi zamanı ilk olaraq Suqovuşan azad edildi. Yəni düşmənin ön xəttinin yarılması birinci Suqovuşan istiqamətindən oldu. Uğurlu əməliyyat nəticəsində Suqovuşan kəndi tamamilə azad olundu. 2020-ci il 3 oktyabr tarixində Müzəffər Ali Baş Komandanın o zaman 1-ci Ordu Korpusunun komandiri olan Cənab general Hikmət Həsənova zəngi oldu. General Hikmət Həsənov Ali Baş Komandan İlham Əliyevlə qırx dəqiqəyə yaxın telefonla danışdı və sonra yanımıza gələrək Ali Baş Komandanın bizə salamını çatdırdı. Ali Baş Komandanın salamlarını eşitmək isə bizə daha da ruh yüksəkliyi verdi.

– Biz eşitdiyimizə görə Vətən müharibəsində oğlunuzla birlikdə döyüşmüsünüz…

– Düzdü, oğlum Səfər Düniyev o zaman hərbi xidmətdə idi. Səfər də Suqovuşan istiqamətində döyüşlərdə fəal iştirak etdi. Minaatan batareyasında baş tuşlayıcı vəzifəsini icra edirdi. Vətən müharibəsində xidmətlərinə görə Müzəffər Ali Baş Komandan tərəfindən “Suqovuşan azad olunmasına görə” və “Müharibə iştirakçısı” medallarıyla təltif edilib.

– Sizin minaya düşərək sol ayağınızı itirməyiniz necə baş verdi?

– Minaya düşməyin döyüş əməliyyatlarından sonra baş verdi. 2022-ci ildə Talış kəndində “1350” yüksəkliyində təminat və döyüş yollarını minalardan təmizləyərkən sürücüm etiyatsızlıq ucbatından minaya düşdü və mən də ona kömək etməyə çalışanda minaya düşdüm. Hadisə nəticəsində sürücümün sağ ayağı, mənim isə sol ayağım amputasiya olundu.

-Bir döyüşçü kimi hansı qürur hisslərini keçirirsiniz?  

– Vətən müharibəsindəki xidmətlərimə görə Müzəffər Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallarıyla təltif edildim. Eyni zamanda, xidmətim dövründə bir çox medallarla təltif edilmişəm. Azərbaycan Ordusunda fəxr hissi ilə deyə bilərəm ki, qüsursuz olaraq 29 il xidmət etmişəm. Təsəvvür edin ki, əsgəri olduğum hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlmişəm. Bir şeyi də qeyd edim ki, müharibədən öncə Ağdam istiqamətində hərbi hissə komandirinin müavini vəzifəsini icra etmişəm. Ondan əvvəl hərbi hissədə əlahiddə taborun komandiri idim. Müharibə başlayanda Ağdam istiqamətində hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini olaraq bütün bölmələrin təminatını yüksək səviyyədə yerinə yetirməyə çalışırdım. Müharibədən üç gün sonra, yəni sentyabrın 29-da N saylı hərbi hissənin komandiri yaralandı və döyüş meydanından təxliyə olundu. O zaman məni genral Hikmət Həsənov qəbul edib hərbi hissənin qərargah rəisi və komandiri vəzifələrini icra etmək göstərişini verdi. Mən də bu vəzifəni sevərək icra etdim. 1993-cü ildə əsgər kimi də Talış, Suqovuşan, Murovdağ istiqamətlərində fəaliyyətlərimiz olmuşdu. O döyüşləri əsgər kimi də görmüşdüm. Praktiki olaraq təcrübə var idi, hərbçi olaraq o yerləri tanıyırdım. Eyni zamanda da biz bu müharibəni, “Dəmir yumruq” əməliyyatını çoxdan gözləyirdik. Bizim missiyamız, tapşırığımız ancaq qalibiyyət idi.

– Ayağınız amputasiya olunandan sonra artıq ordu sıralarından tərxis olundunuz?

– Minaya düşərkən sol ayağımı mina aparmışdı. Sağ ayağım da ağır yaralanmışdı. Həkimlərimizin səyi nəticəsində sağ ayağım bərpa edildi. O hadisə zamanı iki litrə qədər qan itirmişdim. Sonra “YAŞAT” Fondunun xəttiylə Türkiyədə müalicə olundum. Sol ayağımda pratezləşmə həyata keçirildi. Ümumi olaraq səhhətim normaldı. Bu gün tək mənə yox, bütün şəhid ailələrimizə, qazilərimizə dövlətimiz qayğı göstərir.

– Müharibədən sonra müşahidə edirik ki, siz şəhid ailələrinin yanında olursunuz, gənclərimizlə görüşürsünüz…

– Bu gün hamımızın gördüyü bir məntiq var. Məntiq ondan ibarətdir ki, biz hər zaman bütün Azərbaycanımızın müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimizə  borcluyuq. Çünki belə bir deyim var ki, “torpaq əgər uğrunda ölən varsa, vətəndir”. Yəni bu həqiqətən də belədir. Şəhidlərimizin qanı bahasına bayrağımızı intizarında olduğumuz torpaqlarımıza sancdıq və bayrağımızın orda dalğalanmasından” böyük qürur duyduq. Şəhidlərimizi hər zaman ziyarət etmək, anım və ad günlərini keçirmək ölənə qədər borcumuzdur. Şəhidlər ölməz, vətən bölünməz”. Onların ruhu hər zaman bizimlədir, bizim də ruhumuz onların yanındadır.

“29 il ərzində çox döyüşçü qardaşları tanımışam…”

Cəlilabad rayonunda da Şəhidlər Xiyabanının tikilməsi hörmətli icra başçımız Rafiq Cəlilovun göstərişi əsasında həyata keçirilib. Şəhidlərimizi ziyarət etmək, onların qarşısında baş əymək borcumuzdur. Harda şəhid adı varsa, ora bizim müqəddəs yerimizdir, qibləgahımızdır, andımızdır. Şəhidlərimizdən şəxsən tanıdıqlarım çoxdur. 29 il ərzində çox döyüşçü qardaşları tanımışam. Onlardan biri polkovnik Babək Səmidli olub. Suqovuşan istiqamətində minaya düşdü. Cəlilabadın Uzuntəpə kəndindən kapitan Rəşad qardaşımızı şəxsən tanıyırdım. Rəşad da Suqovuşanda şəhid oldu, ruhu qarşısında baş əyirik. Lənkəran şəhərindən polkovnik-leytenant Orucov Naillə bir yerdə oxumuşduq. Şəhidlərimiz çoxdur. Allah hamısına rəhmət eləsin.

Vasif Əlihüseyn

PAGE TOP