Ölkənin cənub rayonlarından olan Cəlilabadda “parnik” şəraitində becərilən kartofun yığımına start verilib.
Adalet.az-ın Cəlilabadda olan əməkdaşı rayonun Muğan və Maşlıq kəndlərində fermerlərlə görüşüb. Fermerlər bildirib ki, məhsuldarlıq hələ ki, zəifdir, amma buna baxmayaraq bazarda tələb olduğu üçün onlar kartofun yığımına başlayıblar. Cəlilabad kartofu ölkə bazarlarıyla yanaşı, xarici bazara da ixrac edilir.
Onlar bildirib ki, bu il havaların quraqlıq keçməsi kartofun məhsuldarlığına öz mənfi təsirini göstərib. Ona görə də əksər fermerlər kartof sahələrini çiləmə sistemi ilə suvarmağa üstünlük veriblər.
İlkin olaraq kartofun bir kiloqramının qiyməti 1 manat və 1 manat 10 qəpik arası dəyişir.
“Parnik” kartofun ardıyca fermerlər açıq şəkildə yetişdirilən kartofun da yığımına başlayacaqlar.
Vasif Əlihüseyn