CİNAYƏT İŞİ
Qısa arayış…
2019-cu il dekabrın 23-də Yasamal rayonu, Cabbar Məmmədzadə küçəsindəki 166-177 saylı evin arxasında 1989-cu il təvəllüdlü Zülfi Muradov və 1987-ci il təvəllüdlü İlkin Bağıyev güllələnir.
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Həmin gün Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Bakı şəhər Baş Polis və Yasamal rayon Polis İdarələri əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Tural Nağıyev tutularaq istintaqa təhvil verilib. Ondan maddi sübut kimi “Makarov” konstruksiyalı tapança götürülüb.
KİV-də məlumat yayılıb ki, kriminal hesablaşma zamanı yaralanan Zülfi Muradov topdansatış meyvə-tərəvəz ticarəti ilə məşğul olub. Hadisədən 1-2 gün əvvəl həbsdən azadlığa çıxıb. Özünün sosial şəbəkədəki profilində məclislərdən birində meyxana ustası Rəşad Dağlı ilə birgə çəkdirdiyi fotoşəkilini paylaşıb.
Hadisə baş verən ərazi
Lent.az cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Tural Nağıyev Rəsulzadə qəsəbəsində, əvvəllər qonşusu olmuş Zülfi Muradovla 2018-ci ilin mart ayında telefonla danışarkən, aralarında mübahisə yaranıb.
Tanışını öldürmək qərarına gələn Nağıyev, bu məqsədlə “Makarov” konstruksiyalı tapançanı və 5 ədəd patronu özünün “İnfıniti FX35” markalı avtomobilinin sağ qabaq qapısının saxlanc hissəsinə qoyub. Cinayətkar niyyətini həyata keçirməkdən ötrü dekabrın 22-i saat 23 radələrində Zülfi Muradovun yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsindəki 79 saylı evin yaxınlığına gələndə, arxadan tanışının Məmmədzadə küçəsi, 166-177 saylı evin arxa hissəsində, özünə məxsus “Niva” modelli avtomobilin sükanı arxasında oturmasını görüb.
İdarə etdiyi maşını yanında, sol tərəfdə saxlayaraq, tapançanı atəşə hazır vəziyyətə gətirib. Pəncərəni aşağı endirib, avtomobildən çıxmadan Zülfi Muradova 2 dəfə atəş açıb. Özünü qorumaqdan ötrü Muradov sağ oturacağın üzərinə uzanmaqla, atəşlərdən qismən yayınıb. Avtomobilindən çıxıb, Zülfi Muradovun ölməsini dəqiqləşdirmək istəyərkən, hadisə yerinin yaxınlığında olan Zülfinin qonşusu İlkin Bağıyev Turala mane olmaq üçün ona doğru gəlib. Tural Nağıyev xuliqanlıq niyyəti ilə 3 metr məsafədən odlu silahdan İlkinin ayaqlarına 3 dəfə atəş açaraq, onu yaralayıb. Zülfi Muradova və İlkin Bağıyevə xəstəxanada ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən onlar ölümdən xilas edilib.
İş üzrə dindirilmiş Tural Nağıyev ifadəsində göstərib ki, Zülfi Muradov əvvəllər Rəsulzadə qəsəbəsində yaşayıb, sonra isə Yasamal rayonuna köçüb. 2018-ci ilin mart ayında Zülfi ilə telefonla danışanda şəxsi məsələləri ilə bağlı aralarında ədavət yaranıb:
“Bir müddətdən sonra Muradovun həbs olunmasını eşitdim. Cəzaçəkmə müəssisəsində olan müddət ərzində onun yaşadığı ünvanı müəyyən etdim. Məqsədim Zülfi həbsdən azad olunduqdan sonra, onunla görüşmək olub.
Tural Nağıyev
2019-cu il dekabrın 21-də Muradovun həbsdən azad edildiyini öyrəndim. Növbəti gün axşam, idarə etdiyim “İnfiniti” markalı avtomobil ilə Yasamal rayonu ərazisində olarkən, Zülfinin yaşadığı məhəllədən keçmək qərarına gəldim. Qarşıma çıxdığı təqdirdə, üzərimdəki odlu silahdan atəş açmaqla, onu qorxutmaq istədim. Həmin tapançanı dekabr ayının əvvəllərində Rəsulzadə qəsəbəsində, “Qatar yolu” kimi tanınan ərazidə, itimi gəzdirərkən dəmir yolu relslərinin yanından tapdım və silahı yaşadığım evin həyətində gizlədərək, bu barədə heç kimə məlumat vermədim. Şərifzadə küçəsi ilə “ASAN” xidmət istiqamətində hərəkət edərkən, Zülfigilin məhəlləsinə daxil olmaq üçün 9 mərtəbəli yaşayış binasının altında olan arkadan sağa dönərək, bir qədər irəli getdim. Məhəlləyə çatanda, təxminən 100 metr irəlidə Zülfiyə məxsus ağ rəngli, “Niva” markalı maşının yolun sağ tərəfində dayandığını gördüm. Asta sürətlə hərəkət edib Muradovun sükan arxasında oturduğunu, yanında heç kimin olmadığını gördüm. Dərhal sol qapının saxlanc hissəsindən tapançanı götürüb, sağ qabaq qapısının şüşəsini aşağı endirməklə Zülfiyə ardıcıl atəşlər açdım. Xəsarət alıb-almamasını dəqiqləşdirməkdən ötrü avtomobildən düşərək, Muradovun maşınına doğru gedəndə, arxadan tanımadığım şəxs onu səslədi. Arxaya dönəndə, naməlum şəxsin üstümə gəldiyini gördüm. Ona dayanmasını dedim və ayaqlarının altına doğru bir neçə dəfə atəş açdım.
Bundan sonra maşınıma minib, hadisə yerindən uzaqlaşdım. Səhərisi gün saat 13 radələrində könüllü polisə təslim oldum”.
Zülfinin maşını
Tural Nağıyev əlavə edib ki, İlkin Bağıyevi ümumiyyətlə tanımır və onunla ədavəti olmayıb.
Zərərçəkmiş Zülfi Muradov ifadəsində göstərib ki, dekabrın 22-də mülkiyyətində olan “Niva” markalı avtomobili ilə şəhərdə bir qədər hərəkət edəndən sonra, məhəllədə yaşatan dostu İlkin Bağıyevə zəng edib görüşməyi təklif edib:
Zülfi Muradov
“Təxminən 10 dəqiqədən sonra həyətə çatdım. İlkinə maşına əyləşməyi təklif edəndə, dostum çay evinə doğru piyada gedəcəyini bildirdi. Sükan arxasına oturub, mühərriki işə salmaq istəyirkən, sol arxa tərəfdən markasını görmədiyim avtomobilin yavaş sürətlə mənə tərəf gəldiyini gördüm. Bir anda atəş səsi eşitdim, avtomobilin şüşəsi sınaraq salona, eləcə də üzərimə töküldü. Atəşin mənə açıldığını başa düşdüm. Dərhal oturduğum yerdən sağ qabaq oturacağın üstünə uzandım. Həyəcanlı olduğumdan təxminən 10 saniyə əyildiyim yerdə qaldım. Başımı qaldıranda ətrafda həmin maşını görmədim. Əlimlə sinəmə toxunanda, paltarımın nəm olduğunu hiss etdim. Əlim qana bulaşmışdı. Avtomobili idarə edərək Kliniki Tibbi Mərkəzə gəldim. Həkimlər məni müayinə edib, əməliyyat otağına apardılar. İlkinə zəng eləmək ağlıma gəlmədi. Yalnız xəstəxanada, əməliyyatdan sonra özümə gələndə, polis əməkdaşlarının sözlərindən bildim ki, atəş nəticəsində İlkin də ayağından xəsarət alıb. Bizə atəş açan Tural Nağıyev isə saxlanılıb”.
Turalın maşını
Zülfi Muradov əlavə edib ki, Turalın ona atəş açmasının səbəbini bilmir. Tural Nağıyevlə uşaqlıqdan Rəsulzadə qəsəbəsində bir məhəllədə böyüyüb, əvvəllər münasibətləri çox yaxşı olub. 2006-cı ildə ordan hazırda yaşadığı Yasamal rayonuna köçüb. Son 2 ildə onunla əlaqə saxlamadığından münasibətlərində soyuqluq yaranıb, aralarında elə də ciddi mübahisə olmayıb.
Zərərçəkmiş İlkin Bağıyev ifadəsində göstərib ki, dekabrın 22-də özünə məxsus “Mercedes” markalı avtomobili ilə obyektlərə çörək paylayıb, yaşadığı evə qayıdanda dostu Zülfi Muradov zəng edərək, görüşüb çay içməyi təklif edib:
“Məhəllədə naməlum şəxs ayaqlarıma doğru atəş açanda, özümü qorumağa çalışdım. Zülfinin maşınına yaxınlaşmadan arxaya çevrilib, qaçdım. Şərifzadə küçəsinə çıxıb, qara rəngli taksiyə oturdum və sürücüdən məni təcili Respublika Klinik Xəstəxanasına çatdırmasını xahiş etdim. Qardaşım Həsənə zəng edib, ayağıma dəmir parçası batdığını dedim və onu xəstəxanaya çağırdım. Respublika Klinik Xəstəxanasında məni qəbul etmədilər və Kliniki Tibbi Mərkəzə göndərdilər. Ora çatanda Zülfinin də qəbul otağında, xərəkdə uzandığını gördüm. Həkimlər sol ayağımın baş barmağında olan gülləni çıxardılar”.
Rəşad Dağlı və Zülfi Muradov
İlkin 2 gündən sonra baş vermiş hadisəni dəqiqliyi ilə öyrənmək üçün Zülfinin palatasına keçib. Amma söhbət zamanı Turalla soyuq münasibətlərin yaranma səbəblərini nə qədər Zülfidən soruşsa da, o bununla bağlı heç nə deməyib.
Şahid Babək Nağıyev bildirib ki, dekabrın 23-ü gecə saat 3 radələrində Tel-Əviv şəhərindən Bakıya gəlib:
“Heydər Əliyev adına Beynəlxalq hava limanında təyyarədən endikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldım. Mənə məlum oldu ki, qardaşım Tural Yasamal rayonunda odlu silahdan açdığı atəşlərlə Zülfi və İlkin adlı şəxsləri yaralayıb. Turalın olduğu yerini soruşsalar da, polislərə təyyarədən endiyim üçün bu barədə məlumatım olmadığını dedim. Evə çatan kimi qardaşım öz nömrəsindən “WhatsApp” proqramı vasitəsilə mənə zəng edərək, səhər polisə təslim olacağını və növbəti gün saat 12 radələrində Rəsulzadə qəsəbəsində yerləşən kafedə məni gözləyəcəyini bildirdi. Orda görüşüb, hadisəni nəyə görə törətdiyini soruşanda, Tural Zülfinin hələ həbs edilməmişdən öncə aralarında nə isə anlaşılmazlıq olduğunu və bundan sonra ədavətlərinin yarandığını söylədi. Bundan sonra birlikdə Yasamal rayon Polis İdarəsinə getdik və qardaşım könüllü təslim oldu”.
Qeyd edək ki, hadisədən bir müddət sonra Zülfi Muradov həbs edilib və 2021-ci ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234-cü (satış məqsədi ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə iclasında Tural Nağıyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Zülfi Muradov təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə hesab edib ki, Tural Nağıyevin cinayət əməlləri istintaq orqanı tərəfindən Cinayət Məcəlləsiin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd), 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 228.1-ci ( qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif edilib və məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.