1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirildi, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı.
Ulu öndər deyirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizintoxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq… Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir.”
Ümummilli Liderimizin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Daha sonra müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrildi. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. 2016-cı il Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun qürur mənbəyinə çevrildi. Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi.
Fuad Aslanov,
Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbində müəllim