Bu gün Bakıda məktəblilər arasında zəhərlənmə olub.
Məcra.az-ın Oxu.Az-a istinadən məlumatına görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb.
İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılır.
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, 20 nömrəli orta məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib.
O deyib ki, şagirdlər mədə ağrısı şikayətləri ilə müraciət ediblər: “Məktəbə təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir. Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək”.
***
Bakı şəhər Təhsil İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub: “Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur”.
***
20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib.
TƏBİB-in yaydığı rəsmi məlumata görə, 6 nəfər (4-ü qadın, 2-si kişi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib: “Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda vəziyyətləri qənaətbəxş olan 2 nəfərə tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, ağır vəziyyətdə olan 1 nəfərə isə Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir”.