“Bu, Azərbaycanda ilk dəfə bizdə oldu ki, doğma nəğmələrimizə müraciət olundu. Bilirsiniz ki, dünyada məşhur olan bu layihədə əcnəbi və dünya musiqiləri səsləndirməyə ixtiyar verilib. Məhz bizdə özünüz də şahidi oldunuz ki, ancaq milli, bəstəkar və xalq mahnılarımızdan ibarət mahnılar təqdim olundu”
Məcra.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında “O səs Azərbaycan” yarışmasında münsiflər heyətinin üzvü, Xalq artisti Gülyaz Məmmədova deyib. Xalaq artisti bu layihədən məmnunluğunu ifadə edib:
“Çox gözəl bir layihədir. Mən çox razı qaldım. İctimai Televiziyanın rəhbəri hörmətli Balakişi Qasımov tərəfindən bura dəvət almışdım. Təbii ki, onun kollektivinin razılığı ilə işə başladıq. O komandanın üzvlərindən Tural Sevdimalı və Anastasiya Kolyagina ilə görüşümüz oldu. Layihədə Kəmalə Rzayeva, Leyla Amirova, Ülviyyə Bəbirli, Fərrux bəy və başqa yoldaşlar çalışırdı. Layihənin aparıcısı Azər Süleymanlı idi. Rejissor Sərxan Aydınoğlunun komandası çalışırdı. İştirakçıların vokal və milli məşqlərini bizə qədər Humay Aslanova və Əməkdar artist Səbuhi İbayev icra etdi. Çünki biz uşaqlarla təmas qura bilməzdik. Gülyanaq xanımın verilişdə ifası isə sürpriz oldu.
Əvvəlki seçimlər bölgələr üzrə İctimai Televiziya tərəfindən aparılır. Bakıya dəvət olunandan sonra yenidən seçim olur. Müsabiqədə biz ifaları eşidib onları seçirik. Komandalar seçiləndən sonra təbii ki, qarşıdurmalar olur. Finalımız martın 20-də baş tutdu. İllərdir ki, Muğam müsabiqələrində münsifəm, amma bu cür gedişatı ilk dəfəydi ki, görürdüm. Müsabiqədən öncə İctimai Televiziyanın kollektivi ilə Şuşaya getdim. Orda Opera Teatrımızın tamaşalarından böyük bir film konsert yaratdılar. Həmin o tədbirdə İctimai Televiziyanın necə bir ailə olmasını orda görmüşdüm. Bu “O səs Azərbaycan” layihəsində də özünü göstərdi.
Təəssüf edirəm ki, müsabiqə zamanı qardaş Türkiyədə zəlzələ oldu və ardınca şəhidlər verdik. Buna görə fasilələr verdik. Amma buna baxmayaraq İctimai Televiziyanın “O səs Azərbaycan”nın “Doğma nəğmələr” layihəsi xalqa bunu sübut etdi”.
G.Məmmədova layihədə öz tələbələrinin də iştirak etdiyini bildirib:
“Layihədə görmədən seçimlərdə mənim də tələbələrim var idi. Elə oldu ki, tanıdığım da, tanımadığım da oldu. Məsələn, uşaq vaxtı Gülyaz Həsənzadəylə məşğul olmuşdum. Amma yarışda tanımadım, artıq böyümüşdü. Hazırda “O səs Azərbaycan”dan sonra yenidən mənim tələbəmdi, muğam dərslərini davam edirik. Əvəzxan Əzizov Gülyanaq xanım Məmmədovanın tələbəsi idi, sən demə qazi imiş. “Azərbaycan maralı” mahnısını ifa etdi. Səsinin gözəlliyi məni özünə cəlb etdi və qazi olduğunu bilməyim daha da təsirləndirdi. Orda mənim çevrilmədiyim bir tələbəm var idi, Telli Əbilova o da İlqar müəllimin komandasına düşdü və çox sevindim. Mənim daha bir tələbəm Elvin Abbasov idi, “Deyin hardadır” mahnısını ifa etdi. Məndə yer dolduğu üçün çevrilə bilmədim və o, Samirə xanımın komandasına düşdü. Yəni burda biz ustadlar arasında mehribanlıq vardı. Gözəl səsləri komandalarımıza götürəndə sevinirdik. Burda bir dostluq, sevgi, mehribanlıq rəqabəti var idi. Yəni bir-birimizin qələbəsinə sevinən adamlar idik. İlqar müəllimin komandasında da gözəl səslər var idi.
Uşaqların səsləri bir-birindən gözəl idi. Həm də çox kövrək anlar yaşadıq. Çünki hamısı finala getmək, qalib olmaq istəyir. Orda təbii ki, sən düşünürsən ki, neyləyəcəksən. Onların hər birini finala apara bilərdim, yəni o dərəcədə güclü uşaqlar idilər. Hər üç komandada belə uşaqlar var idi. Sadəcə düşünüb birində dayanırsan. O da mənim komandamda Zülfi Əsədzadə idi. Zülfi sona qədər getdi və gözəl çıxışı ilə özünü doğruldub birincilik əldə etdi. İlkin Dövlətov və Sabir də birinci yerə layiq idi. Samirə xanımın komandasında da belə uşaqlar var idi. Hər birinə təşəkkür edirəm.
Orda hətta elə uşaqlar var idi ki, yer məhdudiyyətinə görə və xanəndələr hədsiz çox olurdu deyə dönə bilmirdik. Çünki istəyirdik ki, estrada səslərimiz, vokal ifaçılarımız da olsun. Mən xanəndəyəm deyə tək xanəndə seçə bilmərəm. O zaman mən ustad sayılmıram. Özünüz bilirsiniz ki, yanımdakı ustadlarımız da, Gülyanaq xanım da, mən də Azərbaycan musiqisini dünyada təmsil edən insanlarıq. Biz hər növ mahnı oxumuşuq. Ona görə də mən elə etməliydim ki, komandamda hər bir səsim olsun.
Çox maraqlı və diqqət çəkən bir layihədir. Layihənin xaricdən qonaqları da gəlib iştirak etdilər. Bu layihədə milli musiqimiz çox yüksək səviyyədə qarşılandı. Gələcəkdə bundan da möhtəşəm olacaq”.
Vasif Əlihüseyn