Ölkənin cənub rayonlarından olan Cəlilabadın dağların qoynunda tarixi bir kəndi var. Bu kəndin adı Vənlikdir. Adalet.az-ın əməkdaşı həmin kənddə qonaq olub və sakinlərlə kəndin tarixi haqqında maraqlı söhbət edib.
Beləliklə həmin yazını təqdim edirik:
Vənlik kəndi Ağdaş inzibati ərazi vahidliyinə daxildir. Gözbulaq kəndinin cənub-şərqində olan Vəlnik kəndi 19-cu əsrin ikinci yarısında salınıb. Burda əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Kənd sakinlərinin dediyinə Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlib.
1907-ci ildə vəfat edən Ağacan bəy öz vəsiyyətinə uyğun olaraq kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn edilib. Ailənin digər üzvlərinin qəbirləri isə Pirhəsən və Ağdaş qəbiristanlığındadır. Vənlik Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin ətəyində yerləşir. Kəndin adı “vən” (göyrüş) sözündən və “lik” şəkilçisindən ibarətdir. Mənası vən ağacı bitən yer, “göyrüşlük” deməkdir.
Hazırda kənddə 100 ev var və 520 nəfər isə əhali yaşayır. Kəndin rayonla məsafəsi 30 kilometrdir. Kəndin yollarının təmirinə yenidən start verilib. Bununla yanaşı, köhnə məktəb binasının yanında yeni modul tipli məktəb inşa edilir. Məktəbdə isə 50-60 nəfər şagird təhsil alır.
Kənd hər tərəfdən sıx meşələrlə əhatə olunub. Gözəl təbiəti, təmiz havası olan bu kənddə yay aylarında Azərbaycanın bir çox bölgələrindən insanlar istirahətə gəlirlər. Kənd ağsaqqallarının sözlərinə görə 1955-ci ildə Xalq şairi Səməd Vurğun da bu kənddə qonaq olub. O, Qayabulaq bulağından su içib, bulağın üstündəki təpədə istirahət edib. Bakıya qayıdandan sonra isə “Qayabulaq” adlı şeir də yazıb.
Birinci Qarabağ savaşı zamanı kənddən bir necə nəfər gənc döyüşlərə qatılıb. Həmin vaxt əsgər Əyyar Əliyev isə itkin düşüb və indiyə qədər ondan xəbər yoxdur. 44 günlük Vətən müharibəsi zamanı da kəndin 10-dan çox hərbçisi döyüşlərə qatılıb. 2022-ci il sentyabrın 12-də isə Zəngilan istiqamətində düşmən təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının baş giziri Nahid Hüseynağa oğlu Məmmədov qəhrəmancasına şəhid olub. Biz növbəti yazımızda Nahidin döyüş yoluyla bağlı geniş yazımısı təqdim edəcəyik. Nahid Məmmədov vətən müharibəsi şəhidi gizir Tofiq Əmirli ilə həm də xala uşağı olublar.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.