Xəbər verdiyimiz kimi fevralın 26-da Xocalı faciəsinin 31-ci ildönümü qeyd olunacaq.
Adalet.az-ın əməkdaşı bu münasibətlə Xocalı faciəsi zamanı qardaşı Elşad Ağayevlə birlikdə ermənilərə əsir düşən və 8 gün olmazın işgəncələrinə məruz qalan Dürdanə Ağayevanın əsirlik həyatını silsilə şəkildə təqdim edəcək.
Qeyd: Dürdanə Ağayeva Xocalı şəhərində anadan olub. O, Xocalı faciəsi vaxtı Rabitə qovşağında telefonçu işləyib. Onları erməni əsirliyindən Milli Qəhrəman Allahverdi Bağırov azad etdirib. D.Ağayeva əsirlikdən qayıtdıqdan sonra əsirlik həyatından bəhs edən “Səkkiz gün erməni zindanında” adlı kitab yazıb. Kitab türk və rus dillərinə tərcümə edilərək dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Hadisəni D.Ağayevanın dilindən təqdim edirik:
“Fevralın 25-dən 26-na keçən gecə yatmağa hazırlaşırdıq, çox yorğun idim. Amma qəfildən şəhər raketlə atəşə tutulmağa başladı. Anam bizi dərhal qonşumuz Tayyib dayının evinin zirzəmisinə apardı. Hamımız ora sığındıq. Tayyib dayı dedi ki, deyəsən artıq əcəlimiz çatdı. Qorxudan boğulurdum. Qonşumuz Məhəmməd dayı gəlib dedi ki, çıxıb getməliyik, yoxsa ermənilər gəlib bizim hamımızı öldürəcək. Həmin vaxt qardaşlarım Elşad və Elman da gəldi. Anam çox ağlayırdı, uşaqları üçün qorxurdu. Hamımız Xocalının girişinə doğru qaçmağa başladıq. Atılan raketlər zülmət gecəni işıqlandırıb yerimizi düşmənə bəlli edirdi. Biz Qarqar çayının üstündəki körpünün altına toplaşdıq. Artıq orda da gözləmək mümkün deyildi. Qaçmaq üçün bir yolumuz vardı və bunun üçün Qarqar çayının içindən keçməliydik. İnsanlar o soyuq qış gecəsində çayı keçib meşəyə tərəf qaçmağa başladılar. Meşənin içiylə yol gedirdik. Dönüb arxaya baxanda gördük ki, Xocalı alovun içində yanır”.
“Bir saat içində yüzlərlə insan həlak oldu…”
“Qarşıda isə ermənilərin bizə pusqu qurduqlarından xəbərsizdik. Taqətimiz tükənmişdi, yaşlı nənə və babalar, körpələr donub qaldılar. Amma qarşıda bizi təhlükə gözlədiyini sanki hiss edirdik. Yolda yaralı hərbçimiz Akif Quliyev vəfat etdi. Onun meyitini orda qoyub yolumuza davam etdik. Amma yanımızda olan hərbçilərimiz ermənilərin bizə pusqu qurduğunu dedilər. Qəfildən bizi atəşə tutdular. Bir saat içində yüzlərlə insan həlak oldu. Anamdan, nənəmdən, qardaşlarımdan ayrı düşdüm. Sürünərək xilas olmağa çalışırdım. Amma qəfil hiss etdim ki, ayağıma nəsə dəydi. Ayağımı don vurduğu üçün güllənin ağrısını da hiss etmirdim. Ermənilər sağ ələ keçirdikləri insanın ya başını kəsir, ya da diri-diri yandırırdılar. Sürünərək Ağdam tərəfə getməyə çalışırdım. Bu zaman qardaşım Elşadı gördüm və sevindim. Elşad da sağ böyründən yaralanmışdı. Qorxudan rəngi ağappaq idi. Xocalıda gitara ifaçısı kimi tanınan Valehi və həyat yoldaşı Səadəti də gördüm. Səadət hamilə idi. Onlar bir az irəli getmişdi və qəfildən ermənilər Səadəti vurdular. Onda düşmənə əsir düşdük, əlimizdə silahımız yox idi. Valeh də əsir düşdü. Bizi Əsgərəna polis idarəsinin binasına gətirdilər”.
“Ermənilər qadınların qızıllarını, pullarını əllərindən aldılar…”
“Polis binasında ermənilər əsirlərə olmazın işgəncələrin verirdilər. Qadınları və kişiləri ayrı-ayrı otaqlara saldılar. Ondan sonra mənim səkkiz günlük əsirlik həyatım başladı və olmazın işgəncələrinə məruz qaldım. Ermənilər qadınların qızıllarını, pullarını əllərindən aldılar. Mənim bir əl çantam var idi, içində qızılım, pulum vardı və bir də güllə götürmüşdüm ki, əsgərlərimizə verərəm. Erməni çantamı açanda gülləni görüb dəli oldu və soruşdu ki, sən döyüşçüsən? Dedim ki, yox. Güllələri götürüb sifətimə çırpdı. Daha sonra yaralı və uşaqlı qadınları gəlib otaqdan apardılar. Məleykə xala adlı bir qadın var idi, dedi ki, onları Ağdama dəyişməyə aparırlar. Məleykə xala mənə dedi ki, sən də get, yaralısan, gənc qızsan burda qalma. Dedim ki, yox, qardaşım Elşadı burda qoyub gedə bilmərəm”.
“Artıq otaqda 6 nəfər qalmışdıq. Gözləyirdik ki, bizi də gəlib aparacaqlar. Növbəti dəfə ermənilər qapını açıb qadınları aparanda mən qapının arxasında gizləndim. Onlar məni görmədilər və otaqda tək qaldım. Səhər açılanda otağa süpürgəçi erməni qadın daxil oldu. O məni görəndə təəccübləndi və soruşdu ki, səni niyə aparmayıblar. Daha sonra əlindəki süpürgəylə məni döyməyə başladı. Qadın otaqdan gedəndən sonra otağa üç-dörd erməni hərbçi daxil oldu və məni döyməyə başladılar. Daha sonra onlar məni bir otağa apardılar. Orda peç sobası yanırdı, otaq çox istiydi. Əlində dəftər olan bir erməni məni sorğu-suala tutdu. Niyə burda qaldığımı soruşanda dedim ki, qardaşım Elşadı qoyub getmək istəmədim. Sonra yaralı ayağımı açıb baxdılar və bir nəfər təpiklə ayağıma vurmağa başladı. Qarşımda duran uzun adam tapşırıq verdi ki, məni otağıma aparsınlar. Dedi ki, adım Vitalidir. (Vitali Balasanyan) Məni yenə gətirib o soyuq otağa atdılar. Həm donurdum, həm də qardaşlarımın, anamın harda olduğunu düşünürdüm”.
Ardı var…
Vasif Əlihüseyn