Mədəniyyət Nazirliyimiz korrupsiya “mədəniyyəti”nin çox inkişaf etdiyi qurumlardan biri kimi ad çıxarıb. Uzun müddət aparılan kadr islahatları və dəyişikliklərə baxmayaraq, ard-arda tutulan vəzifəli şəxslər, mənimsəmə faktları barədə zaman-zaman xəbərlər ortaya çıxır. Bu günlərdə müsahibə almaq istədiyim bu quruma tabe olan bir neçə incəsənət xadimi “nazirlikdən müsahibə verməyə icazə yoxdur” cavabı ilə bizi bir xeyli təəccübləndirdi. Mədəniyyətin yuvası niyə bu haldadır? Bu günə qədər olanlar bir kənara qalsın, bundan sonra Mədəniyyət Nazirliyinin fəaliyyətinin sağlamlaşması üçün hansı addımlar atılmalıdır? Bu sualla mədəniyyət xadimlərimizə üz tutduq.
Lent.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudovun fikrincə, biz əslində səbəbi yox, nəticəni düşündüyümüzə görə, iş yarıtmaz səviyyədə olur:
“Xaricdə oxuyub gəlməsi hələ o kadrın yüksək potensialından xəbər vermir. Biz sillə ilə üz qızartmaq istəyirik. Mən konkret olaraq təklif edirəm ki, Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılsın. Prezident hər il 6 milyon manat pul ayırır ki, milli kinomuz yaşasın. O pul gəlib kinostudiyaya çıxmır. Mən bu barədə Maliyyə Nazirliyinə də müraciət etmişdim. Pullar kimin cibinə gedir, maraqlansınlar. 6 milyon az pul deyil, bu pulla ortaya şedevr əsərlər çıxarmaq olar. Korrupsiya faktlarına görə güllələnmə, ölüm cəzası bərpa olunmalıdır. Xalqın mədəniyyətini kor eləmək olmaz. Bu cür insanlar cəzasını almalıdır. Mən yeni nazirimizin bu məsələlərə diqqət edəcəyinə ümid edirəm. İşin başına işi bilən adamları qoymaq lazımdır”.
Xalq artisti İlham Namiq Kamal bu günə qədər nazirliyin fəaliyyətinin yarıtmaz səviyyədə olduğunu söyləyib:
“Uşaq vaxtı elə bilirdim korrupsiya ancaq kənd təsərrüfatı sahəsində olur. Amma bu yaşda gördüm ki, korrupsiya elə Mədəniyyət Nazirliyindən çıxırmış. İllər boyu Mədəniyyət Nazirliyinin əməkdaşı olduğumu deməyə utanmışam. Məhz korrupsiya faktlarına görə. Çox istəyirəm yeni nazirimiz mövcud problemləri aradan qaldırmaq üçün tədbirlər planı hazırlasın. Buna ümid edirəm. Kinomuzu dirçəltmək üçün dövlət səviyyəsində maliyyə ayrılmalı, maliyyəyə nəzarət edilməlidir. Yeni, istedadlı kadrlar cəlb olunmalıdır. Yeni rejissorlar yetişib, amma onların iş görə bilməsi üçün vəsait ayrılmalıdır. Kino zarafat deyil. O bizim təbliğat, maariflənmə maşınımızdır. Diqqətdə saxlamalıyıq”.
Aktyor Kamran Yunis Lent.az-a bildirib ki, bu günə qədər nazirliyin işi ona sadəcə məyusluq verib.
“Hazırda Mədəniyyət Nazirliyinin işi barəsində nəsə demək doğru deyil. Biz kino, teatr xadimlərinə dəyər verildiyini görməmişik, görmürük. Bunu görmək istəyirik. Nazir təzə gəlib. Ondan əvvəl gələn nazirin işini gördük. Mədəniyyət, incəsənət sahəsində çalışan insanların dəyərə ehtiyacı var. Bu barədə düşünülsə, iş aparılsa alqışlayaram. Hələlik uğur diləyirəm. Qiyməti isə bir il sonra verə biləcəyik. Yaşayaq görək”.