“Azadlığa qovuşmuş ərazilər fəal idman məkanları olacaq”

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri, idmançılarımız ölkənin gündən-günə ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.

“Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır”. Bu fikri Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışında səsləndirib. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub. İşğaldan azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir.

Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksiişğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində – Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.

Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

Ramil İbrahimov,

Masallı Regional Mədəniyyət İdarəsi

Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru

 

PAGE TOP