Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.
Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışında deyildiyi kimi ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarıqeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.
Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri-gənclərin təhsil, tərbiyəsi, sağlamlığı, intelektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Azərbaycan gəncliyi ictimai bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Müasir dövrdə gənclər siyasəti sahəsində qazanılan nailiyyətlər hər bir dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi siyasipotensialını müəyyənləşdirən əsas meyarlardandır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Artıq Avropanın gənclər təşkilatları Azərbaycanın dünyada nümunə olan gənclər siyasətindəki təcrübəsini öyrənir və tətbiq edir.Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir.
Dövlət başçısı onu da bildirib ki, Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik və 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq: «Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”. Biz bu gün əminliklə deyə bilərik ki, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər bundan sonra da gənclərimiz arasında idmana olan marağı daha da artıracaqdır.
Adil Qardaşxanov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi