Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Sirr deyil ki, Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir, idman uğurla və sürətlə inkişaf edir. Bu artıq faktdır ki, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır və idman respublikamızda dövlət siyasətidir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq. Cari ilin yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə ötən ili Azərbaycan idmanı üçün uğurlu il olduğunu qeyd edərək bildirib: “Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir”.
Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Bölgələrdə təbliğat daha geniş vüsət almalıdır. Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrə şamil olunmalıdır. Cəlilabadda da bədən tərbiyəsi ilə gənclərin və yeniyetmələrin əksəriyyəti məşğuldur, elə bir mühit təşəkkül tapmışdır ki, hər bir insan istənilən şəraitdə və istənilən vaxtda idmanla məşğul olur. Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir.
Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. İdman insanı zərərli vərdişlərdən uzaqlaşdırır. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir.
Kamal Ələsgərov,
Cəlilabad rayon Əsədli kənd
tam orta məktəbinin direktoru.