Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı suallara cavabında 2022-ci ildə ölkəmizin sosial-iqtisadi nəticələrinə də toxunub və konkret rəqəmlərlə bu sahələrdəki vəziyyəti ortaya qoyub. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Prezident İlham Əliyev jurnalistin sualını cavablandırarkən ölkəmizin Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş olduğunu bir daha bəyan edib: “Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.
Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.
TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun dahamısını indi Azərbaycan qazı ilə təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır. 2,6 trilyon kubmetr qaz bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır. Albaniyanın qazlaşdırılması barədə də fəal danışıqlara başlamışıq. Azərbaycanın orta hesabla ixrac imkanları təqribən 1000 meqavat ətrafındadır. Hazırda Azərbaycanda reallaşan investisiya layihələri bizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək.
Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. 22 min meqavat tam icra ediləcək, Azərbaycan bu layihələrə 1 manat da sərmayə qoymur, hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir. Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq, çünki yeni yataqlardan eyni zamanda, qənaət edilən qazı da biz ixrac edəcəyik.
Hafiz Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi