Prezident İlham Əliyevin yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsi bizi istəməyən qüvvələrə ağır zərbə və dərs oldu. Hamıya gün kimi aydındır ki, erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda – həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı.
Lakin işlərimizə, məqsədlərimizə kölgə salmaq istəyən qüvvələr də mövcuddur. Dövlətimizin başçısı qeyd edib ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Keçən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Aparılan müzakirələrdən dərhal sonra Fransa, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Amma buna baxmayaraq, Fransa bu mətni qəbul etdirə bilmədi.
“Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Bəli, Fransa hökuməti, onun liderləri uzun illərdir Azərbaycana qarşı qərəzli davranışlar nümayiş etdir, ancaq öz istəyinə nail olmur. Biz əminik ki, gələcəkdə Fransada elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə onlarla ancaq dostluq niyyəti ilə əməkdaşlıq etmişik.
Fizuli Cəfərov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri