Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışı ilə diqqətlə tanış olmuşuq. Cənab İlham Əliyev Toplantıdakı çıxışında deyib: “Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur. Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm”.
Prezident Sammit iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərini güc yolu ilə azad etdi. İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır.
İşğalın nəticəsində on min kvadratkilometrdən çox ərazitamamilə məhv edilib. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır – şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür. Erməni terroru sülh dövründə də davam edir. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.
Prezident İlham Əliyevin 31-ci Ərəb Sammitində iştirakını və açılış mərasimində dərin məzmunlu çıxışını ərəb dövlətləri ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar.
Mədət Nəzərov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi