İkinci Qarabağ müharibəsinin ilk günlərindən Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Məkrli düşmənlə üz-üzə döyüşlərdə işğalçıya tarixi dərs verən Milli Ordumuzun sarsıdıcı zərbələrindən qorxuya düşən, hələ də özünə gələ bilməyən Ermənistan təkcə hərb meydanında deyil, diplomatiyada, informasiya müharibəsində də Azərbaycana yenildi.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.
Bu tarixi hadisə beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisidir. 30 ilə yaxın müddətdə Azərbaycan Respublikası BMT səviyyəsində qəbul olunmuş qətnamələrin sülh və danışıqlar yolu ilə icrasının təmin olunması üçün səy göstərib, bütün danışıqlarda təşəbbüskar, həm də tərəfkeş kimi iştirak edib. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi 1994-cü ildə atəşkəs razılaşması əldə olunsa da, dəfələrlə atəşkəsi pozub. Nəhayət ki, cavabını da alıb.
Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.
Bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri kifayət qədər güclüdür, dövlət suverenliyimizi, sərhədlərimizi ayıq-sayıqlıqla qoruyur, istənilən düşmən qüvvələrinə layiqincə cavab verməyə hazırdır. Bunun ən böyük səbəbi ulu öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
İqtisadi amil ölkənin qüdrətini xeyli artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunun isə Zəfərin təminatında mühüm rolu oldu. Biz şanlı Zəfər günlərimizi alnımız açıq, başımız dik, iftixarla yaşayırıq, bundan sonra da yaşayacağıq. Çünki heç vaxt indiki kimi güclü, qüdrətli olmamışıq.
Biz, xalqımızın Qələbəsi ilə fəxr edirik!
İslam İsgəndərov,
Cəlilabad rayonu, Ehtiyatda olan zabit