Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş Komandan İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir. Bu il oktyabrın 31-də Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bunun bir daha şahidi olduq. Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, həmçinin səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyimizə uyğundur.
31 oktyabr Bəyanatında Qarabağ adının keçməməsi artıq bu münaqişənin tarixə qovuşduğunu bir daha göstərir. Sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə beş maddədən ibarət təkliflər irəli sürüb. Əminliklə deyə bilərik ki, Azərbaycan bu sammitdə qarşısına qoyduğu məqsədlərinə çatıb.
Məsələ burasındadır ki, Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışdı, amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də mütəmadi hərbi təxribatları bunun qarşısını alırdı. Növbəti hərbi təxribata cavab olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, onu özü təkbaşına həll etdi. Artıq münaqişənin tarixə qovuşması ilə paralel yeni perspektivlər yaranıb. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi, Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizidir ki, bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır.
Üçtərəfli görüşün nəticəsi dövlətimizin başçısının hər zaman olduğu kimi, milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin növbəti uğuru kimi qiymətləndirilməlidir.
Anar Sadatov,
Cəlilabad RİH-in əməkdaşı