Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi də müzakirə mövzusu oldu. Çünki bu gün Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından bölgədə hələ də davam edən gərginlik mövcuddur. Mətbuata verdiyi bəyanatda cənab İlham Əliyev vurğulayıb ki, artıq Azərbaycan Qarabağ münaqişəsi başa çatandan sonra Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Dünyaya da yaxşı məlumdur ki, Azərbaycan Ermənistana həmişə sülh təklif edib. Amma Ermənistan bu təklifə qulaq asmayıb və İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan bu vuruşda qalib gəlib. Bundan sonra Ermənistan öz qoşunlarını Azərbaycan ərzazisindən çıxarmalı, Azərbaycanın ərazü bütövlüyünü tanımalı, sərhədləri delimitasiya etməli və sülh müqaviləsini imzalamalıdır.
Gürcüstanda aparılmış müzakirələr bir daha göstərdi ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Prezidentimiz növbəti dəfə bəyan edib ki, biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır.
Bir daha belə nəticə hasil olur ki, Ermənistan tezliklə sülh müqaviləsi imzalamalı və regionumuzda yeni inkişaf mərhələsi başlamalıdır. Ermənistan yalnız bu halda bölgəyə inteqrasiya edə və inkişafa qədəm qoya bilər. Gürcüstanla Azərbaycan münasibətləri bu baxımdan Ermənistan üçün örnək olmalıdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Ermənistan bu layihələrə qoşulmaq istəyirsə, sülh sazişinə imza atmalıdır. Azərbaycanın niyyəti bundan ibarətdir.
Özüxan Niftiyev,
Cəlilabad rayon Arxiv İdarəsinin müdiri