Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə, Bakı-Culfa-Naxçıvan əsas dəmir yolları və magistral yollarının üzərində yerləşir. Rayon 1993-cü ildə oktyabrın 29-da təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun 2020-ci il 27 sentyabrda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri azad olundu. Qələbədən sonra bölgənin inkişafı üçün bütün imkanlarımız – siyasi iradə, xalqın dəstəyi, maliyyə resurslarımız olduğuna görə azad olunmuş torpaqların bərpası və yenidən qurulması qarşıya bir məqsəd olaraq qoyuldu. Bu, həm də strateji hədəf kimi müəyyən edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında deyib ki, Zəngəzur dəhlizinin açılması önəmli məsələdir. Artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışıb, indi də çalışır. Erməni millətçiləri və onların xarici havadarları yanılırlar. Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bu tarixi də hər kəs yaxşı bilir. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda çox işlər görülür. Demək olar ki, yerlə bir edilmiş bölgə gözümüzün önündə bərpa olunur. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində önəmli yer tutacaq.
Qısa müddət ərzində üç hava limanı və dəmir yolunun birləşdirilməsi işlərinə də başlanıldı. Erməni işğalı tərəfindən coğrafi mövqeyi nəzərə alınmaqla tamamilə məhv edilən Zəngilan əhəmiyyətli bir regional nəqliyyat -logistika mərkəzi rolunu oynaya bilər. Qeyri-enerji sektoruna və biznesə daha çox investor cəlb etmək imkanları hər keçən gün artır.
Rafiq Ağayev,
YAP Cəlilabad rayon Təşkilatının aparat rəhbəri