XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həmin torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanıldı. Uzun müddət idi ki, ermənilər Zəngilanı boşaltmaq istəmirdilər, hətta burada məskunlaşdırma siyasəti həyata keçirirdilər. Azərbaycan Ordusu cənab Prezidentin rəhbərliyi ilə bu torpaqları tez bir zamanda işğaldan azad etdi. Ümumiyyətlə, müharibə dövründə Zəngilanın işğaldan azad olunması prioritet məsələlərdən biri idi. Çünki bu bölgənin həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan böyük əhəmiyyəti var. Zəngilanın işğaldan azad olunması ilə İranla sərhəddə 132 km-lik ərazi tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Bu isə sonrakı mərhələdə də bizim digər torpaqlarımızın azad olunmasına öz ciddi və müsbət təsirini birmənalı olaraq göstərdi və Azərbaycan tezliklə işğal altında olan digər torpaqlarımızı azad etməyə nail oldu. Zəngilan iqtisadi və siyasi cəhətdən böyük əhəmiyyətə malik, bu füsunkar məkanın yeni dövranı başlayır. Azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi.
Zəngilan zəngin diyardır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır.
Bu ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır.
Prezident İlham Əliyev bildirib ki, bərpa olunmuş Zəngilan rayonunun “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Hər kəs görəcək ki, işlərimiz planlı şəkildə aparılaraq insanların təhlükəsiz, rahat yaşayışını təmin edəcəyik.
Xanlar Mirzəyev,
Cəlilabad şəhərinin sakini, sahibkar