2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan gizir Murad Vaqif oğlu Məmmədovun atası Məcra.az-ın redaksiyasına üz tutub. Şəhid atası Vaqif Məmmədov xahiş edib ki, onun problemini ictimailəşdirək və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin diqqətinə çatdıraq. V.Məmmədov illərdir aidiyyatı qurumlara müraciət etsə də, evlərinə qaz xətti çəkilmədiyini bildirib:
“Hörmətli Ruslan müəllim, sizə bildirmək istəyirəm ki, iki hərbçi atasıyam. Kiçik oğlum Murad Məmmədov 2016-cı il Şanlı aprel döyüşlərində şəhid oldu. Murad orduda işləyəndə Sumqayıt şəhəri Yaşma bağları deyilən ərazidə torpaq almışdı. Amma elə oldu ki, Murad şəhid oldu və o torpaqda ev tikə bilmədi. Biz sonradan həmin torpaqda ev tikdik həyat yoldaşımla yaşamağa başladıq. Muradın adına Şəhid bulağı da tikdik. Lakin iki ildən çoxdur ki, evimizə qaz xətti çəkilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsəm də, çox təəssüflər olsun ki, problemim həllini tapmır. Bizə “Azəriqaz”dan bildirdilər ki, eviniz qaz xəttinin yüz metrliyində olsaydı, sizin də evini qazlaşdırardıq. Amma bizim ev qaz xəttinin iki yüz metrliyində yerləşir deyə evimizə qaz xətti çəkmədilər.
Sizdən istəyim odur ki, bir şəhid atası kimi mənim xahişimi nəzərə alasınız. Mən özüm ikinci, həyat yoldaşım isə birinci qrup əlildir. Qarşıdan qış gəlir, havalar soyuyur, biz çətinlik çəkirik. Dəfərlərlə qaz idarəsində olmuşam, amma müraciətimə laqeyd yanaşıblar”-deyə şəhid atası bildirib.
Şəhid atasının əlaqə nömrəsi: 070-858-74-70