Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi, o cümlədən Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir.
Vətən müharibəsinin ən önəmli qələbələrindən biri kimi Füzulinin azad olunması az sonra qazanılacaq tarixi qələbələr üçün möhkəm zəmin yaratdı. Azərbaycan Ordusunun bu zəfəri mühüm hərbi strateji əhəmiyyət daşıyan Füzuli ərazisindən daha geniş areala yayılaraq tezliklə düşmən sərhədlərinə çatdı.
Füzulinin işğaldan azad olunması xalqımızın və ordumuzun tarixinə yeni zəfər səhifəsi kimi daxil oldu. Cəmi bir ay sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Füzuli şəhərinin mərkəzində qaldırdı. Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Füzulinin azad olunması şanlı tariximizin ən önəmli bir sıhifısidir və heç zaman unudulmayacaq.
Biz Ermənistanda revanşist hisslərlə yaşayanlara müraciət edirəm – ağlınızı yığın başınıza. “Dəmir yumruq” yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.
Füzuli Cəfərov,
Cəlilabad RİH-in şöbə müdiri