Hər bir müharibənin nəticəsi, onun necə aparılması, hansı xarakter daşımasından və necə başa çatmasından asılıdır. 44 günlük Vətən müharibəsi, adından da göründüyü kimi, Vətənin müdafiəsi, onun erməni işğalından azad edilməsi məqsədi daşıyırdı. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, düşmən tərəfdən davamlı olaraq atəşkəs rejimi pozulmuş və hərbi təxribatlar törədilmişdir. Son təxribat isə real müharibə müstəvisinə keçdi və düşmən layiqli cavabını, xalqımız isə erməni işğalçıları tərəfindən törədilən bütün vəhşiliklərin, terror aktlarının, şəhidlərimizin qisasını aldı.
Bu müharibə 30 ilə yaxın müddət ərzində əyilmiş qamətimizi dikəltdi, alımızı açıq etdi. Ən vacib nəticələrindən biri məhz xalqımızın özünə inamının, öz gücünə inamının artması oldu. Məhz əsgər və zabitlərimizin igidliyi, Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. Yəni, Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ədalətli və həm də ləyaqətli müharibə apardı. Biz həm də ləyaqətli müharibə aparmaqla dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavab yalnız döyüş meydanında oldu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparıldı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi.
Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. Deyilənlərdən belə nəticə hasil olur ki, Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.
Qəzənfər Ağayev,
Cəlilabad rayonu, Vətən Müharibəsi Qəhrəmanı