Xəbər verdiyimiz kimi, Türkiyənin Adnan Menderes Universitetinin dosenti Mücahit Avcil Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyəli mütəxəssis ötən gün kollektivə təqdim edilib. Lakin yeni təyinat sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
“Qafqazinfo” xəbər verir ki, həkimin adının Türkiyə mətbuatında neqativ xəbərlərdə hallanması və qalmaqallı şəkildə istefa verməsi müzakirələrə səbəb olub.
Jurnalist İlhamə Qasımlı sosial şəbəkə hesabında həkimlə bağlı neqativ halların olduğunu əks etdirən xeyli məqaləyə rast gəldiyini yazıb: “M. Avcilin bu ilin martında Uşak Dövlet xəstəxanasının baş həkimliyindən qalmaqallı şəkildə istefa verməsi ilə bağlı yazılar oxudum. Mücahit Hoca 2020-ci ildə bu xəstəxanaya baş həkim təyin olunandan sonra “Uşakda vətəndaşların xəstəxana ilə bağlı şikayətlərin artdığı, xüsusən də bəzi poliklinikalarda həkim olmadığı, hətta ultrasəs müayinələrinə randevünün 5 ay sonraya verildiyindən” bəhs edilir. Çoxsaylı şikayətlərdən sonra o, vəzifəsindən istefa verməyə məcbur olub”.
Həqiqətən də, Türkiyə mətbuatında yeni direktorun keçmiş fəaliyyətindən narazılığı əks etdirən xeyli məqaləyə rast gəlinir. Məsələn, mətbuatda o zaman baş həkim vəzifəsində olan M. Avcilin AK partidən olan millət vəkilinin qarşısında təzim etməsi ilə də tənqid hədəfi olub.
Həmçinin “Cumhuriyet”in yazdığına görə 2016-cı ildə Uşak Tədris və Araşdırma Xəstəxanası rəhbərliyinə gəlməsindən sonra həkimlərin bir qismi işdən çıxıb, bəzi işçilərlə müqavilə yenilənmədiyinə görə xəstəxananın işində axsama yaranıb.
“Sözcü” qəzetində isə M. Avcilin baş həkim olduğu dövrdə bir ildir əhalinin xəstəxanadan şikayətlərinin həddən artıq artdığı qeyd olunur. Xüsusən poliklinika şöbəsində həkimlərin tapılmadığı vurğulanır.
Ölkəsində ciddi tənqid hədəfi olan və qalmaqallı şəkildə işdən ayrılan həkimin Azərbaycandakı fəaliyyəti narahatlıq doğurur.
Məsələ ilə bağlı ATU-nun Tədris Cərrahiyyə Klinikasına sorğu ünvanlamışıq.
Qeyd edək ki, Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən fəaliyyət göstərir. Sonuncu təyinata qədər tibb müəssisəsinə professor Surxay Hadıyev rəhbərlik edib.