Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qoruyur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Bunların sırasına Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşünü də əlavə edə bilərik.
Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Dövlətimizin rəhbəri sübut etdi ki, heç bir ermənipərəst qüvvə Azərbaycana təzyiq göstərə bilməz.
Məlumdur ki, parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra qalib Azərbaycan dəfələrlə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin vacibliyini vurğulayıb. Həmçinin bu məqam Ermənistana təklif olunan beş maddəlik prinsipdə də öz əksini tapıb. Odur ki, görüşdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi məsələsində də razılığın əldə olunması ölkəmizin maraqlarına tamamilə uyğundur.
Praqada baş tutan dördtərəfli danışıqların yekununda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir.
Həmçinin Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bəllidir ki, ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib, regionda sülh və sabitlik tərəfdarı olub. Bu, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edib. O, hər bir məsələdə Azərbaycanı dünyada humanist, sülhsevər ölkə kimi tanıdıb. Dövlətimizin başçısının peşəkarlığı, dönməz siyasi iradəsi, dəyişməz mövqeyi sayəsində Azərbaycan bu nailiyyətə imza atdı.
Qənimət İsrafilova,
Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad
nümayəndəliyinin əməkdaşı