Prezident İlham Əliyevin Praqadakı görüşlərini diqqətlə izlədik. Bu, tarixi hadisədir və xalqımızın yaddaşında daim yaşayacaq. Həmin hadisəni izləyərkən bir daha əmin oluruq ki, müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.
Prezident Praqada bütün dünyanın diqqətini cəlb edən nitq söylədi, çox dərin və reallıqlara söykənən mesajlar verdi. Bildirdi ki, Qarabağ hər zaman Azərbaycan ərazisi olub. İstər sovet dövründə, istər əvvəlki dövrdə, istərsə də işğal dövründə Azərbaycan torpağı olub.
Bu gün Fransanın tərəf kimi Azərbaycanın təklif etdiyi sülh gündəliyinin həyata keçirilməsi üçün aparılan danışıqlarda iştirakı təəccüb doğurmaya bilməz. Bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətinin nəticəsidir. Dünya gücləri tarixi Zəfərimizin reallıqlarını qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər.
Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün nəticəsində tərəflər Bəyanat verərək bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Sərhədlərin delimitasiyasına razılıq əldə olunub.
İndi hamıya gün kimi aydındır ki, Prezidentimizin atdığı addımlar, xalqımızın səyləri sayəsində qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilir. Erməni ictimaiyyəti anlamalıdır ki, sülhdən başqa çıxış yolları yoxdur. Məhv olmaq istəmirlərsə, hər şeyi gözə alıb Türkiyə və Azərbaycanın qanadları altına girməyi qəbul etməlidirlər. Bu, onlar üçün yoxlanılmamış yol deyil. Erməni toplumu bunu hamıdan yaxşı bilir ki, onların tarixdə ən yaxşı yaşadıqları dövrlər Türkiyə və Azərbaycanla bağlıdır. Bunu bəzi ermənilər özləri də etiraf edirlər. Ermənilərin rifahı Türkiyə və Azərbaycanın yanındadır. Bu tarixi şansı qaçırmaq isə məhvə bərabərdir.
Aqil Nəzərov,
Cəlilabad rayonu Kömanlı kənd tam orta məktəbinin müəllimi, Şəhid
qardaşı, Vətən müharibəsinin iştirakçısı