Cəlilabad rayonu üzrə təhsil sektoru tərəfindən direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanaraq yeni vəzifəyə təyin olunmuş direktorlarla görüş təşkil edilib.
Mecra.az xəbər verir ki, görüş zamanı direktorları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi təhsil sahəsinin daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb.
Həmçinin məktəb direktorlarının qarşısında duran əsas vəzifələrdən biri təhsil müəssisələrinin səmərəli idarə olunması, tədrisin keyfiyyətinin yüksəldilməsi və sağlam psixoloji mühitin formalaşdırılmasının vacibliyi qeyd edilərək, vətəndaş məmnunluğunun təmin edilməsi, idarəetmədə obyektivlik və şəffaflıq prinsiplərinin qorunması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.
Daha sonra direktorlar gələcək fəaliyyət planları, qarşıya qoyduqları hədəflər və təhsil müəssisələrinin inkişafı ilə bağlı fikir və təkliflərini səsləndiriblər.Səmimi və işgüzar şəraitdə keçən görüşdə yeni təyin olunmuş direktorların fəaliyyətinin təşkili, qarşıda duran prioritetlər və təhsil sahəsində keyfiyyət göstəricilərinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.




