Bu diyar Azərbaycan musiqisinə, teatrına və kinosuna töhfə vermiş bir çox tanınmış şəxsin doğma yurdudur.
Gəlin Cəlilabadda dünyaya göz açan, səsləri və yaratdıqları obrazlarla yadda qalan sənət adamlarını birlikdə tanıyaq.
1. Teymur Mustafayev
Xalq artisti, xanəndə Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. Tamaşaçıların “Teymur əmi” kimi tanıdığı sənətkar Seyid Şuşinski və Əhməd Bakıxanovdan dərs alıb. Muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət ifaları milli televiziya və radiomuzun qızıl fondunda qorunur. Xanəndə 2020-ci il iyunun 11-də vəfat edib.
2. Ağadadaş Ağayev
Xalq artisti Ağadadaş Ağayev 1956-cı il avqustun 25-də Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. Sənətə gəlməzdən əvvəl doğma kəndində müəllim işləyib. 1981-ci ildə “İstedadlar axtarırıq” müsabiqəsinin qalibi olub, 1983-cü ildə isə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. Müğənni 2006-cı ildə “Xalq artisti” fəxri adına layiq görülüb.
3. Yusif Mustafayev
Əməkdar artist Yusif Mustafayev 1955-ci il sentyabrın 15-də Cəlilabad rayonunun Hacıismayıllı kəndində anadan olub. Uşaqlıqdan musiqiyə maraq göstərən ifaçı 1980-ci illərdən toy və el şənliklərində çıxış etməyə başlayıb. Repertuarında xalq və bəstəkar mahnıları, muğam və təsniflər yer tutur. 2015-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
4. Nurəddin Mehdixanlı
Xalq artisti, teatr və kino aktyoru Nurəddin Mehdixanlı 1956-cı il oktyabrın 6-da Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Adil İsgəndərovun kursunda təhsil alıb. 1978-ci ildə Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor səhnədə və kinoda yaratdığı obrazlarla tanınıb. “Cavad xan” filmində baş qəhrəmanı canlandırıb. 2002-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.
5. Şövqi Hüseynov
Əməkdar artist Şövqi Hüseynov 1972-ci il avqustun 9-da Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, sənət yoluna Bakı Kamera Teatrında başlayıb. Teatr və kino rolları ilə yanaşı, monotamaşaları ilə də tanınır. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında mükafatlar qazanan aktyor 2002-ci ildə “Əməkdar artist” fəxri adını alıb.
6. Sabir Mirzəyev
Əməkdar artist, xanəndə Sabir Mirzəyev 1943-cü il noyabrın 14-də Cəlilabad rayonunda anadan olub. Xüsusilə “Çahargah” və “Rast” muğamlarının ifası ilə seçilib. Onun səsləndirdiyi “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana” kimi xalq mahnıları musiqi yaddaşımızda yaşayır. Sənətkar 2011-ci il iyulun 23-də vəfat edib.
7. Şahlar Quliyev
Xalq artisti, opera müğənnisi Şahlar Quliyev 1946-cı il sentyabrın 25-də Cəlilabadda anadan olub. Bariton səsə malik sənətkar 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib. “Koroğlu”, “Sevil”, “Aida”, “Karmen” və digər operalarda obrazlar yaradıb. 2005-ci ildə “Xalq artisti” fəxri adına layiq görülən müğənni 2024-cü il oktyabrın 26-da vəfat edib.
8. Qədir Qızılsəs
Əsl adı Qədir Məmmədov olan müğənni 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. 1977-ci ildə Bakıya köçərək musiqi fəaliyyətini paytaxtda davam etdirib. İlk audio-kasseti 1983-cü ildə işıq üzü görüb. “Qayıt”, “Gəlmədin”, “Getmə”, “Unuda bilmədim” kimi mahnılar onun tanınan ifalarındandır.
9. Elçin Cəfərov
Müğənni Elçin Cəfərov 1984-cü il oktyabrın 18-də Cəlilabadda anadan olub. İncəsənət Gimnaziyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 10 yaşında Azərbaycan Dövlət Filarmoniyasında Oqtay Rəcəbovun “Ağlama, anam, ağlama” mahnısını ifa edib. “7–17” müsabiqəsində uğur qazanan müğənni sonralar “Şeron” qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətini davam etdirib, “Şipşirin” mahnısı ilə geniş dinləyici auditoriyası qazanıb.
Cəlilabadın tanınmış sənət adamlarının siyahısı bu adlarla bitmir. Bu diyarın musiqi, teatr, kino və digər yaradıcılıq sahələrində öz sözünü demiş çoxsaylı yetirmələri var.
Bəs siz daha hansı cəlilabadlı sənətkarı bu siyahıda görmək istərdiniz? Fikirlərinizi şərhlərdə yazın! (Cənublu.az)