Elə ərazilər var ki, onların əhəmiyyəti yalnız coğrafi mövqeyi və təbii sərvətləri ilə məhdudlaşmır. Bu torpaqlar həm də dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü və regional maraqları baxımından mühüm strateji əhəmiyyət daşıyır. Kəlbəcər də məhz belə ərazilərdəndir. 1993-cü il aprelin 2-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycanın təkcə ərazi itkisi deyil, həm də hərbi, iqtisadi və geosiyasi maraqlarına ciddi zərbə idi.
Laçın, Şuşa və ardınca Kəlbəcərin işğalı Ermənistan ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında geniş əraziləri əhatə edən coğrafi əlaqə yaratdı. Prezident İlham Əliyev 2020-ci il noyabrın 25-də xalqa müraciətində bu amilin Ermənistanın sonrakı işğalçılıq siyasətini asanlaşdırdığını bildirdi. Dövlət başçısı həmin çıxışında Kəlbəcərin, eləcə də digər rayonların işğalını böyük faciə kimi qiymətləndirdi. Bu əlaqə işğalçı qüvvələrə hərbi texnika, silah və canlı qüvvənin daşınması üçün əlavə imkanlar verirdi.
İşğal beynəlxalq hüququn da kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamə ilə işğalçı qüvvələrin Kəlbəcərdən dərhal çıxarılmasını tələb etdi. Lakin beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu tələb uzun illər icra olunmadı. Nəticədə on minlərlə Kəlbəcər sakini doğma yurdunu tərk edərək məcburi köçkün həyatına məhkum edildi. İnsanların evləri, təsərrüfatları, tarixi-mədəni irsi və rayonun sosial infrastrukturu ciddi dağıntılara məruz qaldı.
Kəlbəcərin əhəmiyyəti onun zəngin təbii sərvətləri ilə də bağlı idi. Tərtər çayının yuxarı axını, mineral və termal su mənbələri, qızıl yataqları, geniş meşə və otlaq sahələri rayonun iqtisadi potensialını müəyyənləşdirən əsas amillərdir. Xüsusilə İstisu mineral suyu və qızıl yataqları Kəlbəcərin ölkənin iqtisadi inkişafında mühüm yer tuta biləcəyini açıq göstərir. Beləliklə, işğal illərində Azərbaycan həm strateji ərazisinə, həm də mühüm təbii sərvətlərinə nəzarət imkanından məhrum edilmişdi.
Kəlbəcərin azadlığına aparan yol 44 günlük Vətən müharibəsində əldə edilən hərbi üstünlüklərdən başladı. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində mühüm uğurlar qazandı. Bu prosesdə Murovdağ istiqamətində əldə edilən strateji yüksəkliklər xüsusi əhəmiyyət daşıyırdı. Müharibənin ilk günü Murov zirvəsinin nəzarətə götürülməsi Vardenis (Basarkeçər) istiqamətindəki yolu atəş nəzarətinə almağa və Ermənistandan Kəlbəcər istiqamətinə hərbi yüklərin daşınmasını çətinləşdirməyə imkan verdi.
Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə yaranmış hərbi-siyasi reallıqları rəsmiləşdirdi. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Kəlbəcərin təhvil verilməsi üçün ilkin olaraq noyabrın 15-i müəyyənləşdirilmişdi, sonradan bu müddət noyabrın 25-dək uzadıldı. Beləliklə, həmin gün Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu və rayonun işğalına son qoyuldu.
Kəlbəcərin döyüşsüz azad edilməsi ayrıca strateji əhəmiyyət daşıyırdı. Çətin dağlıq relyef, sərt iqlim şəraiti və qış mövsümünün yaxınlaşması bu ərazidə genişmiqyaslı hərbi əməliyyatları mürəkkəbləşdirən amillər idi. Razılaşma əsasında rayonun təhvil alınması mümkün insan itkilərinin və əlavə dağıntıların qarşısının alınmasına şərait yaratdı. Bununla yanaşı, bu nəticə müharibə meydanında qazanılmış üstünlüyün siyasi-diplomatik müstəvidə də öz təsdiqini tapdığını göstərirdi.
Bu gün Kəlbəcər üçün yeni mərhələ – bərpa, quruculuq və iqtisadi dirçəliş dövrü başlayıb. İşğal zamanı dağıdılmış yaşayış məntəqələrinin və infrastrukturun yenidən qurulması, yolların çəkilməsi, enerji təminatının bərpası, təbii sərvətlərin iqtisadi dövriyyəyə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası və Murovdağ tunelinin yaradılması rayonun nəqliyyat əlçatanlığının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2025-ci il avqustun 21-də uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışının həyata keçirilməsi bu istiqamətdə görülən işlərin mühüm nəticələrindən biri oldu.
Kəlbəcərin gələcək inkişafı yalnız infrastruktur layihələri ilə məhdudlaşmır. Rayonun turizm potensialının reallaşdırılması, İstisu kimi təbii sərvətlərdən səmərəli istifadə, kənd təsərrüfatının inkişafı və tarixi-mədəni irsin qorunması onun iqtisadi və sosial həyatının canlanmasında mühüm rol oynayacaq.
Kəlbəcərin tarixində 2 aprel və 25 noyabr tarixləri iki fərqli dövrün rəmzi kimi yadda qalıb. Birincisi işğalın, yurd həsrətinin və məcburi köçkünlük ağrısının başlanğıcı, ikincisi isə tarixi ədalətin bərpası və doğma torpağa qayıdışın müjdəçisi oldu. 27 ildən sonra Kəlbəcər üzərində Azərbaycan suverenliyinin bərpası təkcə ərazi bütövlüyünün təmin edilməsi deyil, həm də rayonun yeni inkişaf tarixinin başlanması demək idi. Bu gün əsas məqsəd azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, Kəlbəcərin əvvəlki şöhrətinə qovuşdurulması və gələcək nəsillərə inkişaf edən bir yurd kimi ötürülməsidir.
Xəqani Şirinov
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri