Möhtərəm Prezident cənab İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbvaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnamın Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.
Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqlu və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir.
Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək.
Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında – bir sözlə, bütün aparıcı sahələrdə birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək.
Nizami Hüseynov,
Cəlilabad Elektrik Şəbəkəsində baş mühəndis