Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Azərbaycan Bayrağının dünyanın ən hündür dirəyinin üzərində dalğalandırılması isə başucalığımızdır, Azərbaycan xalqının bayrağının onun üçün nə qədər qiymətli olduğunu bir daha təsdiq etdi, bir daha bayrağın milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut olundu. Bakıda üçrəngli Azərbaycan Bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibinin azərbaycanlıların olduğu bir daha dünyaya nümayiş etdirildi, dünya bir daha gördü ki, bundan sonra heç bir qüvvə həmin bayrağa toxuna, ləkə yaxa bilməyəcək. Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxış edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” deməsi də isbatladı ki, bizim üçrəngli bayrağımız xalqımızın və dövlətimizin müqəddəs atributudur.
Rafiq Hüseynov,
YAP Cəlilabad RT, Kürdlər ƏPT-nin sədri