8 Noyabr – Zəfər Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin qızı Rüqəyya Abdullazadənin və digərlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Heydər Əliyev Mərkəzində təşkil olunan konsert proqramı ilə davam edən tədbirdə respublikamızın tanınmış incəsənət ustalarının və populyar müğənnilərin ifasında təqdim olunan musiqi nömrələri iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib. Yüksək vətənpərvərlik ruhunda keçən konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

















