Noyabrın 9-da Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayrağımız ölkəmizin, dövlətimizin simasıdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Biz xoşbəxtik ki, bizim də bayrağımız və güclü dövlətçiliyimiz var.
Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən, parçadan hazırlanan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın simvol və anlamlı rəngləri, ümumiyyətlə dəyişilməzdir. Bu mənada, ötən müddət ərzində Azərbaycan bayrağı dövlətçiliyimizin simvolu kimi müasir beynəlxalq münasibətlər sisteminin üst qurumlarında özünün layiqli yerini tutdu. Bu isə, ona görə baş verdi ki, siyasi hakimiyyətdən tutmuş sadə vətəndaşlara qədər hər kəs bayrağı milli qeyrəti və mənliyi kimi qəbul edir. Elə bu səbəbdən də, Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə Bayraq Meydanı inşa edilmişdir. 2009-cu il il sentyabr ayının 1-də Bakıda açılışı olmuş Dövlət Bayrağı Meydanını – topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etdi. Bununla da, dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini və hörmətini gördü.
Düz altı ildir Bayrağımız Azərbaycanın Müzəffər Ordusuna ağır vuruşmalarda güc vermişdir. Və bu günlər biz Bayraq bayramımızı da Zəfər bayramı kimi təntənə ilə qeyd edirik. Bizim Zəfərimiz isə, tarixi möbqe baxımından da Bayrağımızla yanaşı dayanır.
Seymur Abbasov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı