Zülfüqar Hüseynzadənin yaratdığı Moderator.az 14 yaşını qeyd edir: Qarşıdakı hədəflər nələrdir? – Direktorla MÜSAHİBƏ

XƏBƏR XƏTTİ
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edildi-VİDEO•Noyabr ayında bürcləri NƏLƏR GÖZLƏYİR?•Zülfüqar Hüseynzadənin yaratdığı Moderator.az 14 yaşını qeyd edir: Qarşıdakı hədəflər nələrdir? – Direktorla MÜSAHİBƏ•Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı – VİDEO•Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir•Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı – FOTO•Bakıda keçmiş ət kombinatında yanğın – VİDEO•Sabirabad sakinləri Salyanda qəzaya düşdü: iki nəfər öldü•Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edildi-VİDEO•Noyabr ayında bürcləri NƏLƏR GÖZLƏYİR?•Zülfüqar Hüseynzadənin yaratdığı Moderator.az 14 yaşını qeyd edir: Qarşıdakı hədəflər nələrdir? – Direktorla MÜSAHİBƏ•Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı – VİDEO•Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir•Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı – FOTO•Bakıda keçmiş ət kombinatında yanğın – VİDEO•Sabirabad sakinləri Salyanda qəzaya düşdü: iki nəfər öldü•

Azərbaycanın internet media məkanında özünəməxsus yer tutan Moderator.az xəbər portalının fəaliyyətə başlamasından 14 il ötür. 2012-ci il noyabrın 1-də tanınmış jurnalist Zülfüqar Hüseynzadə tərəfindən əsası qoyulan portal bu gün də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını ardıcıl şəkildə işıqlandırır, aktual məsələləri ictimai müzakirəyə çıxararaq informasiya gündəminin formalaşmasında fəal iştirak edir.

Yubiley münasibətilə Moderator.az-ın yaranma tarixini, keçdiyi inkişaf mərhələlərini, təsisçisi mərhum jurnalist Zülfüqar Hüseynzadənin jurnalistika irsini, eləcə də portalın gələcək inkişaf istiqamətlərini və yeni layihələrini müzakirə etmək məqsədilə Moderator.az-ın direktoru Əli Hüseynli ilə həmsöhbət olduq. O, portalın fəaliyyət tarixinin böyük bir hissəsində bu media qurumunun inkişafı üçün çalışıb və onun mühüm mərhələlərinin iştirakçısı olub.

Moderator.az həmin müsahibəni təqdim edir:

– Əli müəllim, bir media qurumunun uzunmüddətli fəaliyyəti yalnız gündəlik informasiya istehsalı ilə deyil, zamanla qazandığı etimad, formalaşdırdığı jurnalistika ənənələri və cəmiyyətdə tutduğu mövqe ilə ölçülür. Moderator.az-ın keçdiyi yola nəzər saldıqda, bu gün onun əsas fərqləndirici xüsusiyyətlərini nədə görürsünüz?

– Moderator.az fəaliyyətə başladığı ilk gündən operativ informasiya yayımını, cəmiyyəti düşündürən məsələlərin gündəmə gətirilməsini, fərqli mövqelərin təqdim olunmasını və ictimai müzakirələrin təşviqini əsas fəaliyyət prinsipləri kimi müəyyənləşdirib.

Kiçik bir media təşəbbüsü kimi fəaliyyətə başlayan Moderator.az zaman keçdikcə müstəqil informasiya platformasına çevrilərək Azərbaycan internet mediasının inkişafında özünəməxsus yer tutub. Portalın informasiya siyasətində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən proseslərin obyektiv işıqlandırılması, dövlət və cəmiyyət münasibətlərinin müxtəlif aspektlərinin diqqətdə saxlanılması, aktual problemlərin ictimai müzakirəyə çıxarılması mühüm yer tutub.

Ölkənin daxili və xarici siyasəti, dövlət idarəçiliyi, qanunvericilik təşəbbüsləri, ictimai münasibətlər, sosial məsələlər, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə dair xəbərlər, müsahibələr, təhlillər və müəllif yazıları portalın gündəlik fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.

Moderator.az üçün operativlik hər zaman əsas prinsiplərdən biri olub. Gün ərzində müxtəlif mövzularda hazırlanan informasiya materialları ilə yanaşı, cəmiyyətin diqqətini çəkən məsələlərin araşdırılması, fərqli baxışların təqdim edilməsi və ictimai müzakirələrin təşviqi də fəaliyyətimizin mühüm hissəsidir.

Azərbaycanın müasir tarixində xüsusi yer tutan hadisələr, xüsusilə Qarabağ münaqişəsi, Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, şəhid ailələri və qazilərlə bağlı məsələlər daim diqqət mərkəzimizdə olub. Bu proseslərin informasiya təminatında, milli maraqların və Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılmasında öz töhfəmizi verməyə çalışmışıq.

Vətən müharibəsi və postmüharibə dövründə ölkəmizin haqlı mövqeyinin çatdırılması, dezinformasiyalara qarşı mübarizə və informasiya təhlükəsizliyinə töhfə verilməsi də fəaliyyətimizin mühüm istiqamətlərindən olub.
Hazırda Moderator.az Azərbaycan və rus dillərində xəbər yayımı ilə fəaliyyət göstərir.

Portal 2022-ci il noyabrın 1-də, fəaliyyətinin 10-cu ildönümündə Media Reyestrinə daxil edilib. Sonrakı dövrdə isə Medianın İnkişafı Agentliyinin onlayn media subyektləri üçün keçirdiyi müsabiqələrin qalibi olaraq media dəstəyi proqramlarında iştirak edib.

– Zülfüqar Hüseynzadənin yaratdığı media platforması bu gün də fəaliyyətini davam etdirir. Təsisçinin vəfatından sonra onun başladığı işi davam etdirmək, formalaşdırdığı peşəkar prinsiplərə sadiq qalmaq və eyni zamanda yeni dövrün tələblərinə uyğun inkişaf etmək hansı məsuliyyəti üzərinizə qoydu? Bu yolun davam etdirilməsində hansı dəyərləri dəyişməz saxlamağı vacib hesab edirsiniz?

– Təəssüf ki, artıq dördüncü ildir ki, portalın yaranma gününü onun qurucusu, ideya müəllifi və baş redaktoru Zülfüqar Hüseynzadəsiz qeyd edirik. 2023-cü il iyunun 17-də dünyasını dəyişən Zülfüqar Hüseynzadə yaratdığı media qurumunun formalaşması və inkişafı üçün ömrünün mühüm bir hissəsini sərf edib.

Moderator.az onun üçün sadəcə xəbər portalı deyil, jurnalistikaya baxışının, peşəkar fəaliyyətinin, zəhmətinin və illərlə qurduğu arzularının ifadəsi idi. O, bu platformanın fəaliyyətə başladığı ilk gündən onun inkişafı, oxucu auditoriyasının genişlənməsi və informasiya məkanında tanınması üçün böyük əmək sərf edib.

Bu gün Moderator.az-ın tarixində onun imzası, əməyi və xatirəsi yaşayır. Zülfüqar Hüseynzadənin vəfatından sonra qarşımızda dayanan əsas vəzifələrdən biri onun başladığı işi davam etdirmək, yaratdığı media ənənələrini qorumaq və bu platformanı yeni inkişaf mərhələsinə daşımaq olub.

Bu, həm də böyük mənəvi məsuliyyətdir. Çünki söhbət yalnız bir media qurumunun fəaliyyətinin davam etdirilməsindən deyil, onun təməlində dayanan ideyaların, peşəkar prinsiplərin və dəyərlərin yaşadılmasından gedir.

Təsisçinin oğlu Hüseyn Ələsgərov da bu yolun davam etdirilməsində və atasının adının yaşadılmasında mühüm yer tutur.
Zülfüqar Hüseynzadənin xatirəsinin yaşadılması və onun jurnalistika irsinin gələcək nəsillərə çatdırılması məqsədilə Moderator.az tərəfindən “Zülfüqar Hüseynzadə” mükafatı təsis edilib.

Artıq ənənəvi xarakter alan müsabiqənin əsas məqsədi jurnalistlərin peşəkar yaradıcılığını stimullaşdırmaq, istedadlı qələm sahiblərini üzə çıxarmaq, onların əməyini qiymətləndirmək, araşdırma və publisistika ənənələrini təşviq etməklə Azərbaycan milli jurnalistikasının inkişafına töhfə verməkdir.

– Rəqəmsal media yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu dəyişikliklər media qurumlarından yalnız operativlik deyil, həm də məzmun, təqdimat və auditoriya ilə ünsiyyət baxımından yenilənmə tələb edir. Moderator.az bu çağırışlara necə hazırlaşır və qarşıdakı mərhələdə hansı yeni imkanları reallaşdırmağı hədəfləyir?

– Rəqəmsal medianın sürətli inkişafı, videoformatlı məzmunun auditoriya üçün getdikcə daha böyük əhəmiyyət qazanması Moderator.az qarşısında yeni imkanlar açır. Bu istiqamətdə atdığımız addımlardan biri də MOD TV layihəsinin yaradılmasıdır.

MOD TV vasitəsilə xəbər portalının fəaliyyətini video məzmun istiqamətində genişləndirmək, aktual ictimai-siyasi mövzular ətrafında müsahibələr, müzakirələr, podkastlar və müxtəlif formatlı verilişlər hazırlamaq nəzərdə tutulur.
Bu təşəbbüs ənənəvi xəbərçilik fəaliyyətimizi yeni media imkanları ilə birləşdirmək, auditoriyaya yalnız yazılı deyil, həm də vizual və interaktiv məzmun təqdim etmək məqsədi daşıyır.

Beləliklə, inkişaf strategiyamızda rəqəmsal jurnalistikanın yeni tələblərinə uyğunlaşmaq, video istehsalını genişləndirmək və daha geniş auditoriyaya çatmaq mühüm yer tutur. Qarşıdakı dövrdə fəaliyyətimizi müasir media çağırışlarına uyğun təkmilləşdirməyi, informasiya istehsalında keyfiyyət və operativliyi artırmağı, araşdırma və analitik jurnalistikanın imkanlarını genişləndirməyi, eləcə də rəqəmsal media və videojurnalistika sahəsində yeni layihələr həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.

Bu prosesdə əsas prioritetlərimizdən biri də illər ərzində formalaşmış oxucu etimadını qorumaq və daha da möhkəmləndirməkdir.

14 yaşın mübarək, Moderator.az!
Bu gün sənin tarixində daha bir səhifə açılır. Moderator.az ailəsinin bir üzvü, redaktor-aparıcısı olmaq mənim üçün də qürur, eyni zamanda böyük məsuliyyətdir.

Ruhunuz şad olsun, Zülfüqar müəllim!

Pərvin Şakirqızı
Moderator.az/ Redaktor

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt