“Rəhim Rəhimli 3-4 il öncə pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığı ilə əlaqədar gəlmişdi. Bir az düzələn kimi qaçdı, yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də “mənim palatamı dəyişdirin” demədi”.
Modern.az-ın məlumatına görə, bunu qəfil ürəktutmasından vəfat edən 43 yaşlı müğənni-bəstəkar Rəhim Rəhiml haqqında danışan “Baku Medikal Plaza” tibb mərkəzinin şöbə müdiri, kardioloq Üzeyir Rəhimov bildirib.
Ü.Rəhimov Rəhim Rəhimli haqqında digər maraqlı fikirlər də sələndirib:
“Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa, baxmayın bu gün sosial mediaya. Özünün maddi vəziyyəti yəqin ki, bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan.
Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə “mütləq gələcəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını.
Və yəqin ki bu müddət zərfində bir neçə sənət əsəri daha yaratmışdır.
Kaş ki, hər bir insanın həyatının sonunda sonrakı nəsilə buraxacağı bir şeylər olsa…”.
Rəsmi məlumata görə, müğənni-bəstəkar Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub. Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib.
İfaçının yanaşı ağır xəstəlikləri – qaraciyər sirrozu və kardiomiopatiyası da olub.
Mərhum sənətçi Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.