Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb.
Oxu.Az “Lad Bible” nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir.
Təhsil müəssisəsi qadını təxminən 250 min avro məbləğində dələduzluqda ittiham edib.
Qadın 2003-cü ildən kollecdə çalışıb. Lakin 2009-cu ildə xəstəlik məzuniyyətinə çıxaraq işə gəlməyi dayandırıb. İddialara görə, o, sonrakı illərdə saxta tibbi arayışlar təqdim edərək tam əməkhaqqı almağa davam edib. Müəllim işə çıxmamasını psixi sağlamlığı ilə bağlı problemlərlə əsaslandırıb.
2015-ci ildə təhsil müəssisəsinə yeni direktor təyin olunub. Onun qadın haqqında məlumatı olmayıb. Bundan sonra müəllimin vəziyyəti araşdırılmağa başlanıb və audit keçirilib. 2024-cü ildə isə yeni rəhbərliyin araşdırmasından sonra qadının evində axtarış aparılıb. İstintaqın diqqətini səhhətinə görə işləyə bilmədiyini bildirən müəllimin dalğıclıqla məşğul olması barədə məlumat cəlb edib.
Qadına tibbi müayinədən keçmək təklif olunsa da, o, hüquqi etiraz təqdim edib. Məhkəmə isə müayinədən keçməli olduğu barədə qərar çıxarıb. Bundan başqa, qadın dalğıclıqla məşğul olmağa yararlı olduğunu təsdiqləyən iki sənədi saxtalaşdırmaqda şübhəli bilinir. Prokurorluğun iddiasına görə, həmin sənədlərdə adı göstərilən həkim əslində mövcud olmayıb.
Kollec 2021-2025-ci illər ərzində dəymiş zərəri 248 min avro qiymətləndirib. Daha əvvəlki illər üzrə ödənilmiş vəsaitlərin geri qaytarılması isə, yayılan məlumata görə, artıq mümkün deyil.
2026-cı ilin iyulunda qadına xüsusilə ağır dələduzluğun 11 və sənəd saxtalaşdırmanın iki epizodu üzrə ittiham irəli sürülüb. Təqsiri məhkəmədə sübuta yetirilərsə, onu 10 ilədək həbs cəzası gözləyə bilər.