Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.
Mecra.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.
Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
Salyan Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 27-si Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.