Belə bir sərginin keçirilməsi, ilk növbədə, mədəniyyətə, ədəbiyyata və kitaba, daha geniş mənada isə cəmiyyətə və insanlığa xidmət edir. Mənim üçün bəşəriyyətin ən böyük kəşfi kitab və yazıdır. Çünki əgər yazı olmasaydı, çox güman, digər canlılardan o qədər də fərqlənməzdik.
Mecra.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında şair Qulu Ağsəs deyib.
Onun sözlərinə görə, sevindirici haldır ki, artıq illərdir ardıcıllıqla keçirilən bu sərgidə hər dəfə insan seli müşahidə olunur. Valideynlər övladlarını, məktəblər şagirdlərini, təhsil müəssisələri isə tələbələrini sərgiyə gətirirlər.
“Kitabı daim təbliğ və təşviq etmək lazımdır. Bu işi öz axarına buraxsaq, mütaliəyə maraq getdikcə azalacaq. Ancaq ardıcıl təbliğat aparılanda insanların kitaba münasibətinin dəyişdiyini, marağın artdığını görürük. Bu gün də sərgidə kifayət qədər insan var”, – deyə Q.Ağsəs əlavə edib.
Yazıçı bildirib ki, uşaqlara erkən yaşlarından kitab sevgisinin aşılanması, onların ədəbi-mədəni tədbirlərə cəlb olunması mütaliə vərdişlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. O, həmçinin kitabla ünsiyyətin insanın dünyagörüşünə və mənəvi inkişafına müsbət təsir göstərdiyini vurğulayaraq gəncləri mütaliəyə daha çox vaxt ayırmağa çağırıb.