Qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyası yeni qaydada hesablanacaq.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təklif olunan dəyişikliyə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılacaq. Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.