Azərbaycan xalqı üçün əhəmiyyət kəsb edən günlərdən biri də 20 oktyabr tarixidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır. Bu şanlı tarixi hər il böyük qürur hissi ilə qeyd edirik.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün mühasirə şəraitində düşmənlə vuruşaraq 235 nəfər şəhid vermişdir.Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ardından rayon əhalisi doğma torpaqlarından didərgin düşmüş, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi məcburi köçkün həyatına məhkum olmuşdur. Erməni işğalı zamanı Zəngilanın çoxsaylı tarixi və dini abidələri, o cümlədən, İmam Hüseyn məscidi, Alban kilsəsi, Ziya Baba ocağı vandalizmə məruz qaldı, rayonda yerləşən məscidlər, məqbərələr və digər dini tikililər dağıdıldı.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə işğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 7 minə yaxın hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Aydın Hüseynov,
Siyasi şərhçi