Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd olunur.
Mecra.az xəbər verir ki, bu əlamətdar gün 2011-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66/170 saylı qətnaməsi ilə təsis edilib. Məqsəd qız uşaqlarının hüquqlarını tanıtmaq, onların üzləşdikləri problemlərə diqqət çəkmək və bərabər imkanların yaradılmasını təşviq etməkdir.
Beynəlxalq Qız Uşaqları Günü dünyanın müxtəlif ölkələrində qızların qarşılaşdıqları çətinliklərin müzakirəsi, hüquqlarının qorunması və imkanlarının genişləndirilməsi üçün mühüm platformadır.
Yeniyetməlik dövrü qızların gələcək həyatının formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Bu mərhələdə onların təhlükəsizliyinin təmin edilməsi, keyfiyyətli təhsil alması və sağlamlıq xidmətlərindən yararlanması vacibdir. Lazımi dəstək göstərildikdə qızlar öz bacarıqlarını inkişaf etdirə, gələcəkdə ana, mütəxəssis, sahibkar, müəllim, ailə başçısı və siyasi lider kimi cəmiyyətin tərəqqisinə töhfə verə bilərlər.
Hazırda dünyada təxminən 1 milyard gənc yaşayır. Onların 600 milyona yaxını yeniyetmə qızlardır. Bu böyük potensiala baxmayaraq, milyonlarla qız hər gün ayrı-seçkilik, bərabərsizlik və müxtəlif təzyiqlərlə üzləşir.
Məlumatlara görə, dünyada 15-19 yaşlı qızların təxminən hər dörd nəfərindən biri nə işləyir, nə təhsil alır, nə də peşə hazırlığı keçir. Eyni yaş qrupundakı oğlanlarda isə bu göstərici təxminən hər on nəfərdən birinə bərabərdir.
Beynəlxalq Qız Uşaqları Günü ilk dəfə 2012-ci ildə qeyd olunub. Həmin il günün əsas diqqət mərkəzində uşaq nikahları problemi dayanıb. Uşaq nikahları qızların təhsil, sağlamlıq və şəxsi inkişaf imkanlarını məhdudlaşdıran, onların hüquqlarını pozan ciddi problemlərdən biridir. Belə nikahlar qızları uşaqlıq dövründən məhrum edir, sağlamlıqları və həyatları üçün risklər yaradır. (Oxu.Az).