Xaçmaz rayonunun Xuray kəndində yuxarı sinif şagirdlərinin təhsillərini davam etdirmələri ilə bağlı problem yaşanır.
Mecra.az İctimai TV-yə istinadən xəbər verir ki, Xuray kəndində yalnız ibtidai məktəb fəaliyyət göstərir. Şagirdlər yuxarı siniflərdə təhsil almaq üçün təxminən 8-9 kilometr məsafə qət edərək qonşu kəndlərdəki məktəblərə getməlidirlər.
Sakinlərin sözlərinə görə, yeni dərs ilində də bu səbəbdən şagirdlərin bir qismi təhsilini davam etdirə bilməyib.
Xuray kənd sakinləri Orxan və Rəcəb də bu il məktəbə gedə bilməyən şagirdlərdəndir. Onlar 9-cu sinfi qonşu Seyidlikəndyeri kəndində başa vurublar. Hazırda 10 və 11-ci siniflərdə təhsil almaq üçün Aslanoba kəndinə getməlidirlər.
Şagirdlərin sözlərinə görə, hər gün 9 kilometr yol qət etmək, xüsusilə payız-qış aylarında ciddi çətinlik yaradır. Yolun bir hissəsinin meşəlik ərazidən keçməsi isə valideynlərin narahatlığını artırır.
Sakinlər bildirirlər ki, əvvəlki illərdə də eyni problem yaşanıb. Valideynlərin bir qismi övladlarını yuxarı siniflərin fəaliyyət göstərdiyi kəndlərdə yaşayan qohumlarının yanına yerləşdirir, bəziləri isə kirayə ev tutur. Digərləri uşaqları şəxsi avtomobillə və ya taksi ilə məktəbə aparıb-gətirməyə çalışırlar.
Lakin maddi imkanları məhdud olan ailələr üçün bu variantlar əlçatan deyil.
Valideynlərin sözlərinə görə, yeni dərs ilində Xuray və Seyidlikəndyeri kəndlərində yaşayan 30-a yaxın 10 və 11-ci sinif şagirdi təhsilini davam etdirə bilməyib.
Sakinlər şagirdlərin məktəbə gedib-gəlmələri üçün avtobus ayrılmasını istəyirlər.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu göndərilib.
İdarədən bildirilib ki, valideynlərin müraciətləri nəzərə alınaraq şagirdlərin daşınmasının təşkili imkanları hazırda araşdırılır.