Azərbaycan İslam həmrəyliyini təmsil edən ölkədir

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Müsəlman Dini İdarə Rəhbərləri ilə keçirdiyi görüşdə bildirib ki, bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl – 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar.

Qeyd edək ki, sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarə Rəhbərlərinin VII görüşü keçirilib. Qəbul edilmiş Bəyannamədə türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi ilə bağlı bir sıra mühüm müddəalar əksini tapıb. Sənəddə terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarına qarşı birgə mübarizənin davam etdiriləcəyi bildirilib. Qadın və uşaq hüquqlarının müdafiəsi, dini ədəbiyyatın tərcüməsi, ortaq fətvaların hazırlanması və Türk dünyasının tarixi irsinin təbliği də prioritet istiqamətlər kimi qeyd olunub.

  Rəhman Məmədov,

  YAP verteranı                                                                          

👁 2 baxış