Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 14-də Müsəlman dünyasının din xadimlərini qəbul etdi. Görüş zamanı müzakirə olunan məsələlər, səslənən fikirlər Azərbaycanın İslam dünyası ilə münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi: Belə ki, Azərbaycanla Müsəlman Ağsaqqalları Şurası arasında uğurlu əməkdaşlıq, İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın qlobal səviyyədə oynadığı rol, Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci görüşü və 2027-ci ildə Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti xüsusi vurğulandı.
Azərbaycan hər zaman İslam həmrəyliyini sülh, humanizm, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoq platforması kimi təqdim edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müxtəlif çıxışlarında İslam dünyasında həmrəyliyin vacibliyini xüsusi vurğulayıb.
Görüşün xüsusi əhəmiyyət daşıyan məqamlarından biri də Məhəmməd Əbdülsalamın Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını təqdim etməsi olub. Cənab Prezident bu mükafata Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə layiq görülüb. Mükafat çərçivəsində nəzərdə tutulan 500 min ABŞ dollarının isə dövlət başçısının qərarı ilə tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsi qərara alınıb.
Beynəlxalq səviyyədə insan həmrəyliyinə görə təqdim olunan mükafatın vəsaitinin Qarabağın dirçəlişinə yönəldilməsi də təsadüfi deyil. Bu, Azərbaycanın sülh və quruculuq siyasətinin vəhdətini nümayiş etdirir.
Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlarımız bu konfransda iştirak edirlər. Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır.
Rəxşəndə Qasımova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi
👁 5 baxış
